Çarpaz baxış

ABŞ-da keçirilən prezident seçkiləri həm qlobal siyasət, həm də yerli əhali üçün böyük əhəmiyyət daşıyır. Hazırda seçkilərə 3 gün qalmış, artıq 62 milyondan çox seçici vaxtından əvvəl səs verib və namizədlər arasındakı mübarizə həlledici mərhələyə keçib. ABŞ-da prezidentlik kampaniyaları digər ölkələrdən xeyli fərqlənir: burada namizədlərin vədləri əsasən daxili siyasətdən çox xarici siyasətlə bağlı olur. Bu seçkilərdə namizədlər Donald Tramp və Kamala Harris də daha çox xarici siyasət və qlobal problemlərə yönələn vədlər verirlər.

Hazırda dünyanın gündəmində olan Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri və Azərbaycan-Ermənistan arasında sülh prosesi ABŞ-da prezidentliyə namizədlərin verdiyi vədlərin əsas mövzularını təşkil edir. Maraqlıdır ki, Kamala Harris və Donald Trampın mövqeləri bir-birinə tamamilə əksdir.

Rusiya-Ukrayna münaqişəsinə yanaşmalar:
Rusiya-Ukrayna müharibəsi başlayanda ABŞ Ukraynaya hərbi texnika və maliyyə dəstəyi göndərdi. Kamala Harris də bu mövqeni dəstəkləyərək, CBC News-a verdiyi açıqlamada “Ukrayna və NATO-nun yanında olacağam,” – deyib. Tramp isə amerikalı jurnalist Taker Karlsona müsahibəsində, “Mənim Rusiyanın dostu olduğumu düşünənlər səhv edirlər,” desə də, hakimiyyətə qayıdacağı halda Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində dayandıracağına söz verib.

İsrail-Fələstin münaqişəsinə yanaşmalar:
İsrail-Fələstin müharibəsi zamanı ABŞ İsrailə dəstək olaraq hərbi texnika və milyardlarla dollar dəyərində yardım göstərdi. Kamala Harris FOX News-a müsahibəsində ABŞ-ın İsrailə dəstəyini vurğulayaraq, “ABŞ İsrailə hər zaman dəstək verməlidir,” – deyib. Donald Tramp isə müharibənin dayandırılması və sülhün bərpası üçün “Əsrin müqaviləsi” adlı 80 səhifəlik sülh planını təqdim edib ki, bu plan İsrail tərəfindən də dəstəklənib.

Cənubi Qafqaz mövqeləri:
ABŞ-ın erməni lobbisi ilə birbaşa bağlılığı olmaması Azərbaycanın maraqlarına uyğundur. Orta dəhliz layihəsi də ABŞ-ın maraqları ilə üst-üstə düşür. 2020-ci ildə başlayan Azərbaycan-Ermənistan müharibəsi Trampın prezidentliyinin sonuna təsadüf etdi və ABŞ bu münaqişədə bitərəf mövqe tutdu. Kamala Harris isə Cənubi Qafqazda davamlı sülhə sadiqliyini vurğulayaraq qeyd edib ki, “Ermənistan və qonşuları arasında suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edən davamlı sülhə sadiqəm. Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin öz evlərinə qayıtmaq hüququ regionda sabitliyin bərpası üçün vacibdir.”

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirir ki, “ABŞ-da keçirilən prezident seçkiləri dünya üçün böyük önəm daşıyır. Hazırkı Bayden administrasiyasının siyasəti isə münaqişələrin çoxalmasına və gərginliyin artmasına səbəb olur. Xüsusilə Baydenin ermənipərəst mövqeyi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına maneə yaradır. Bayden sülhü dəstəklədiyini bildirsə də, bu bəyanatların manipulyasiyadan başqa bir şey olmadığı aydın görünür.”

Elçin Xalidbəyli Donald Tramp haqqında da bildirir ki, “Əgər Tramp prezident seçilərsə, Baydendən fərqli olaraq, sülh və münaqişələrin həllinə yönələn bir siyasət yürütmək niyyətindədir. Bu baxımdan, Trampın qalib gəlməsi dünyadakı mövcud münaqişələrə və ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərə bilər.”

Nəticə etibarilə, Trampın prezident seçilməsi, dünyadakı münaqişələrin həlli və ABŞ-la Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün yeni imkanlar yarada bilər.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il