Bakıda avtomobilini yolda saxlayıb “YOXA ÇIXDI” – Tıxaca səbəb oldu
Paytaxtda sürücünün avtomobilini yolun hərəkət hissəsində saxlaması digər hərəkət iştirakçılarına ciddi maneə yaradıb.
Crossmedia.az-ın qaynar xəttinə daxil olan videoda əks olunan hadisə saat 09:00 radələrində Həsən Bəy Zərdabi küçəsində, “3 tac” adlanan ərazidə qeydə alınıb.
Belə ki, 77-UE-179 dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq ərazidən uzaqlaşıb. Nəticədə əsas yoldan binaların həyətinə daxil olmaq istəyən digər avtomobillərin hərəkəti məhdudlaşıb və yolda tıxac yaranıb.
Sürücünün avtomobilini yolun hərəkət hissəsində nəqliyyatın hərəkətinə mane olacaq şəkildə saxlaması digər sürücülərin də hərəkət imkanını məhdudlaşdırıb. Xüsusilə səhər saatlarında nəqliyyatın intensiv olduğu ərazidə bu cür qayda pozuntuları əlavə sıxlıq və narazılıq yaradır.
Qeyd edək ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində digər nəqliyyat vasitələrinin hərəkətinə mane olacaq şəkildə saxlanılması qanunla qadağandır. Belə hallarda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət tədbiri görülə bilər.
Belə hallarda sürücülərin “qısa müddətlik” avtomobili yolun ortasında saxlaması belə digər hərəkət iştirakçıları üçün ciddi problem yarada bilər. Yol hərəkəti qaydalarına əməl etmək həm tıxacların qarşısının alınması, həm də digər sürücülərin təhlükəsiz və maneəsiz hərəkəti baxımından vacibdir.
Məhəbbət Tərlanoğlu
13:15 14.08.2026
Oxunuş sayı: 51