Bakıda avtobus sürücüsündən sərnişinləri QORXUDAN HƏRƏKƏT - VİDEO
Paytaxtda sərnişinlərin təhlükəsizliyini ciddi risk altına qoyan avtobus sürücüsü barədə şikayət daxil olub.
Crossmedia.az-ın qaynar xəttinə bu barədə video göndərilib.
Hadisə avqustun 12-də saat 19:00 radələrində baş verib. Belə ki, 99-JM-359 dövlət qeydiyyat nişanlı, 206 nömrəli marşrut avtobusunun sürücüsü avtobusu hərəkətdə olarkən mobil telefonla danışıb.
Sürücünün bu davranışı avtobusda olan sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Xüsusilə sərnişin avtobusu idarə edən sürücünün diqqətini yoldan yayındırması qəza riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yalnız şəxsi məsuliyyətsizlik deyil, sərnişindaşıma sahəsində təhlükəsizlik baxımından da ciddi problemdir. Çünki avtobus sürücüsünün bir neçə saniyəlik diqqətsizliyi belə onlarla insanın həyatını təhlükə qarşısında qoya bilər.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Bu baxımdan, videoda əks olunan halın aidiyyəti qurum tərəfindən araşdırılması və sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsi vacibdir. Xüsusilə ictimai nəqliyyat sürücülərinin məsuliyyəti daha yüksək olmalı, sərnişinlərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlara yol verilməməlidir.
12:15 14.08.2026
Oxunuş sayı: 51