ABŞ Venesuela "tortundan" nə qədər qopara biləcək?- Vaşinqtondan yeni həmlə
Venesuelada siyasi keçid və demokratik institutların bərpası ilə bağlı hökumət və müxalifət arasında danışıqlara başlanılıb. Karakasda keçirilən dialoq ABŞ-nin dəstəyi ilə təşkil olunub və tərəflərin demokratiyanın gücləndirilməsi, siyasi hüquqların təmin olunması və ölkənin bərpası məsələlərini müzakirə etməsi gözlənilir. Danışıqlarda hökumət nümayəndə heyətinə Xorxe Rodriqes, müxalifət blokuna isə Dinora Fiqera rəhbərlik edir. Müxalifətin əsas liderləri Mariya Korina Maçado və Edmundo Qonsales Urrutia prosesdə iştirak etmir və danışıqları ölkə xaricindən izləyirlər.

Politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Venesuelada Nikolas Maduronun həbsindən sonra siyasi vəziyyət nisbətən sabit görünsə də, ölkədə dövlət institutları və legitim hakimiyyət məsələsi ilə bağlı ciddi problemlər qalmaqdadır.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə yeni hökumətin formalaşdırılması və demokratik seçkilərin keçirilməsi əsas məsələlərdən biridir:
"ABŞ-in ilin əvvəlində Venesuela prezidenti Nikolas Maduronu həbs etməsindən sonra ölkədə siyasi vəziyyət nisbətən stabil görünsə də, dövlət institutlarında ciddi problemlər var. Xüsusilə nəzərə alaq ki, hələ də ölkədə yeni prezident seçilməyib və müxalifətlə iqtidarın birləşərək demokratik hökumət yaratması baş verməyib. Sadəcə olaraq prezident Maduro və onun xanımı ABŞ tərəfindən həbs edilib. Mövcud hökumət isə fəaliyyətini davam etdirir və bu da narazılığa səbəb olur".
Z.Əmrəliyev hesab edir ki, Venesuelada siyasi qüvvələr arasında dialoqun qurulması və legitim hakimiyyətin formalaşdırılması zəruridir:
"Müxalifətlə iqtidar arasında danışıqların aparılması əslində gözlənilən idi. Burada əsas məsələ ABŞ-yə da razılığa gəlmək və dünyanın tanıyacağı demokratik təsisatlara malik legitim hökumətin qurulmasıdır. Mövcud siyasi konyunktura belə bir şəraitdə legitim sayıla bilməz. Normal şəkildə seçkilər keçirilməli, həm prezident, həm də parlament seçkiləri baş tutmalıdır. Bunun üçün demokratik qüvvələr, yəni müxalifətlə iqtidar arasında razılaşma əldə olunmalıdır".
Politoloqun fikrincə, Vaşinqton hazırda Karakasdakı vəziyyətə müəyyən mənada göz yumur və bunun əsas səbəblərindən biri enerji siyasətidir:
"ABŞ hazırda Karakasda olan vəziyyətə göz yumur, çünki bu, müəyyən mənada onun maraqlarına uyğundur. Madurodan sonra fəaliyyət göstərən hökumət ABŞ-yə razılığa gələrək enerji siyasətini Vaşinqtonun maraqlarına uyğun şəkildə qurur. Ancaq bu, ümumi və davamlı siyasi vəziyyətin formalaşması demək deyil".
Həmsöhbətimiz vurğulayıb ki, zərurət yaranacağı təqdirdə ABŞ və ya digər dövlətlər Venesuelada siyasi dialoq prosesində vasitəçi rolunda çıxış edə bilər:
"Hazırda danışıqlar aparılır. Zərurət yaranarsa, bu danışıqlarda ABŞ və ya başqa bir dövlət vasitəçi qismində iştirak edə bilər və Venesuelada demokratik seçkilərin keçirilməsinə, legitim hökumətin qurulmasına şərait yarada bilər".
Z.Əmrəliyev hesab edir ki, Vaşinqtonun əsas məqsədlərindən biri Venesuelada öz maraqlarına zidd siyasi qüvvələrin hakimiyyətə qayıtmasının qarşısını almaqdır:
"ABŞ maksimum şəkildə çalışacaq ki, özünə sərf etməyən qüvvələr, yenidən Hüqo Çavesin dövründə olduğu kimi, hakimiyyətə gəlməsin. 1990-cı illərin sonlarında Çavesin rəhbərliyi ilə solçu qüvvələr hakimiyyətə gəldilər. Venesuelada belə qüvvələr bolivarçılar adlandırılır. Onların yenidən hakimiyyətə gəlməsi ABŞ-in ümumi maraqlarına xidmət etmir və Tramp bunun qarşısını almaq üçün əlindən gələni edəcək".
Nigar Xəlilli
19:00 08.08.2026
Oxunuş sayı: 54