Zelenski hamını aldadır? - Ukrayna müharibəni genişləndirmə çalışır
İran parlamentinin vitse-spikeri Əli Nikzadın Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisini vurduğu iddiası fonunda səsləndirdiyi sərt bəyanatlar regionda yeni gərginlik mərhələsinin başlaya biləcəyi ilə bağlı müzakirələri daha da gücləndirib. Rəsmi Tehran hücumun cavabsız qalmayacağını bəyan edərkən, ekspertlər bunun təkcə İran-Ukrayna münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsinin gələcək dinamikasına təsir edə biləcəyini bildirirlər. Xüsusilə NATO, ABŞ, İsrail, Rusiya və Çin kimi qlobal güclərin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi mənzərə fonunda cəbhənin genişlənməsi ehtimalı diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Xəyal Bəşirli bildirib: "İran parlamentinin vitse-spikeri Əli Nikzadın və digər İran rəsmilərinin Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə endirdiyi zərbə ilə bağlı bəyanatları əslində müharibənin miqyasının və cəbhəsinin genişləndirilməsi siyasətinin tərkib hissəsidir. Bu prosesdə hansı tərəfin nə dərəcədə maraqlı olduğunu sadə məntiqlə anlamaq mümkündür. Rəsmi Kiyev Rusiya-Ukrayna müharibəsinin cəbhəsinin genişlənməsində maraqlıdır. Çünki Ukrayna təkbaşına Rusiyanın öhdəsindən gələ bilmir. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmədiyi üçün Ukraynanın mövcud silah, texniki imkan və canlı qüvvəsi bunu təmin etməyə kifayət etmir. Qərb ölkələri və NATO Ukraynaya silah, siyasi, diplomatik və kəşfiyyat dəstəyi versələr də, canlı qüvvə təmin etmirlər ki, bu da Ukraynanın ən ciddi problemlərindən biridir".
O bildirib ki, Yaxın Şərqdə baş verən proseslərdə də cəbhənin genişləndirilməsində daha çox İsrail və ABŞ maraqlıdır: "İran da regionda müttəfiqləri olsaydı, müharibənin genişlənməsini arzulaya bilərdi. Lakin Tehranın yalnız proksi qüvvələri var və onların prosesə cəlb olunması əslində İranın xeyrinə işləmir. Çünki həmin qüvvələr hədəfə çevrilir və ağır zərbələr alırlar. İsrail İranın zəiflədilməsi və Körfəz ölkələrinin də prosesə cəlb olunması üçün ABŞ-la birlikdə cəbhənin genişlənməsinə çalışır. Ukraynanın da bu prosesə qoşulmasında maraqlı olan tərəf həm İsrail, həm də ABŞ-dır.
ABŞ uzun müddətdir NATO-nu Yaxın Şərqdəki proseslərə cəlb etmək niyyətindədir. Əvvəlki hərbi əməliyyatlarda Vaşinqton NATO müttəfiqləri ilə birlikdə hərəkət etsə də, İranla qarşıdurmada İsrailin kiçik ərazisi və sıx məskunlaşması səbəbindən onu mümkün qədər prosesdən kənarda saxlamağa çalışıb. Çünki İranın atdığı raket və pilotsuz uçuş aparatları istər-istəməz İsrail ərazisində ciddi dağıntılar yaradır. Bu baxımdan ABŞ və İsrail cəbhəni daha çox Körfəz ölkələri vasitəsilə genişləndirmək istəyiblər. Lakin Hörmüz istiqamətində buna nail ola bilməyiblər. İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə alsa da, həmin ölkələr münaqişəyə qoşulmayıblar. Bu, Vaşinqtonla Təl-Əvivin planlarının pozulan hissələrindən biri olub".
O, bildirib ki, hazırda NATO-nun prosesə cəlb olunması istiqamətində yeni addımlar atılır: "Böyük Britaniyada yeni hökumətin ABŞ-yə həm ölkə ərazisindən, həm də Hind okeanındakı Diyeqo Qarsiya bazasından istifadə üçün razılıq verməsi bunun göstəricisidir. Əgər İran Ukraynanı hədəfə alarsa, bu halda NATO-nun da İrana qarşı prosesə qoşulması üçün əsas yarana bilər. Bu, cəbhənin genişləndirilməsi siyasətinin tərkib hissəsidir və burada hər bir dövlətin hansı məqsədlə hansı tərəfdə yer aldığı aydın görünür.
İran Ukraynanı hədəfə almaqla Rusiyanın prosesə daha yaxından cəlb olunmasını istəyə bilər. Bununla belə, Tehran da yaxşı anlayır ki, əsas tərəfdaşları olan Rusiya və Çin birbaşa müharibəyə qoşulmayacaqlar. Onlar NATO-nun Ukraynaya verdiyi dəstəyə bənzər formada siyasi və texniki yardım göstərə bilərlər, lakin döyüş əməliyyatlarında iştirak etməyəcəklər. Pekin hətta uzun illərdir davam edən Tayvan məsələsində belə hərbi müdaxilə yolunu seçməyib. Hadisələrin inkişafı daha mürəkkəb mərhələyə daxil ola bilər və yaxın dövrdə müharibənin cəbhəsinin genişləndirilməsi istiqamətində yeni addımların şahidi olmaq mümkündür. Bütün bunların necə inkişaf edəcəyini isə yalnız hadisələrin sonrakı gedişatı göstərəcək".
Zeynəb Həsən
13:00 27.07.2026
Oxunuş sayı: 62