Vegan qidalanmanın gözlənilməz təsiri üzə çıxdı
Yeni araşdırmaya görə, bitki əsaslı qidalanan insanlar ət və heyvan mənşəli məhsullar qəbul edənlərlə müqayisədə daha cəlbedici görünə bilər.
Crossmedia.az xəbər verir ki, “Recent Progress in Nutrition” elmi jurnalında bu barədə araşdırma dərc olunub.
Helsinki Universitetinin dietoloqu Devid Qoldman və Britaniya Kolumbiyası Universitetinin əməkdaşı Metyu Nagra bitki əsaslı qidalanmanın yalnız çəkiyə və uzunmüddətli sağlamlığa deyil, insanın xarici görünüşünə də təsir göstərə biləcəyini bildiriblər.
Tədqiqatçılara görə, heyvan mənşəli məhsullardan imtina dərinin rənginə, bədən qoxusuna və bədən kompozisiyasına, yəni yağ və əzələ nisbətinə müsbət təsir göstərə bilər.
Xüsusilə meyvə və tərəvəzlərdə olan karotinoidlərin istehlakının dərinin daha sağlam və cəlbedici rəng almasına kömək etdiyi qeyd olunur. Bu piqmentlərə qovun, manqo, bolqar bibəri və kök kimi məhsullarda rast gəlinir.
Müəlliflər vurğulayırlar ki, dərinin bu cür rəng alması insanın real fizioloji vəziyyətinin birbaşa göstəricisindən daha çox, ətrafdakı insanların sağlamlıq barədə mühakimə yürütməsinə təsir edən siqnal rolunu oynayır.
00:32 11.09.2026
Oxunuş sayı: 46