İsrail ordusunun Qəzzadakı gizli sistemləri sənədli filmdə açıqlanıb
İsrail ordusunun Qəzzada fələstinli mülki şəxslərin kütləvi şəkildə öldürülməsində istifadə etdiyi iddia olunan gizli sistemlər barədə 24 hərbi mənbənin ifadələri yeni sənədli filmdə yayımlanıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
“NAZA” adlı sənədli film Oskar mükafatlı israilli rejissorlar Yuval Abraham və Rachel Szor tərəfindən hazırlanıb. Film cümə axşamı Venesiya Beynəlxalq Film Festivalında nümayiş etdirilib və festivalın nüfuzlu “Qızıl Şir” mükafatına namizəd olan yeganə sənədli film olub.
Filmin adı İsrail ordusunda istifadə edilən və hərbi əməliyyat zamanı öldürüləcəyi gözlənilən mülki şəxslərə eyhamla istinad edən akronimdən götürülüb.
“The Guardian”ın istehsal etdiyi filmdə fələstinli mülki şəxslərin izlənilməsi və məsafədən öldürülməsi əməliyyatlarında iştirak etmiş İsrail kəşfiyyat əməkdaşları və hərbçilərin geniş ifadələrinə yer verilib.
Müsahibələr iştirakçıların təhlükəsizlik səbəbilə anonim qalması şərtilə gecə saatlarında Təl-Əvivdə dam örtüklərində çəkilib. Onların kimliyini gizlətmək üçün görüntüləri və səsləri rəqəmsal şəkildə dəyişdirilib.
Filmdə müsahibə verən şəxslər İsrail ordusunun Qəzzada istifadə etdiyi gizli metodlardan danışıblar. Onların sözlərinə görə, bu üsullara çoxsaylı aşağı rütbəli HƏMAS hədəflərini müəyyənləşdirmək üçün süni intellekt əsaslı sistemlər də daxildir.
İddialara əsasən, müəyyən edilən şəxslər gecə saatlarında evlərində bombalanıb və hücumlar zamanı onların ailə üzvlərinin də öləcəyi əvvəlcədən məlum olub.
21:20 10.09.2026
Oxunuş sayı: 51