Fransa təhlükəsizlik bəhanəsi altında hansı qanun pozuntularını edir?
Fransa hökuməti ölkənin dənizaşırı ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar üçün viza və giriş prosedurlarını sərtləşdirir. Şengen zonasından kənarda yerləşən bu ərazilərə, o cümlədən Qvadelupa, Martinika, Fransız Qvianası, Reyunyon, Mayotta, Yeni Kaledoniya və Fransız Polineziyasına səfərlər üçün ayrıca və daha məhdudlaşdırıcı qaydalar tətbiq olunur. Bu dəyişiklik Fransa ərazisinin Avropa hissəsi ilə dənizaşırı ərazilərinə giriş rejimləri arasındakı fərqi daha da ön plana çıxarır. Yeni qaydalar kimlərə və hansı hallarda şamil olunacaq və qərarın arxasında hansı səbəblər dayanır?
Milli Məclisin deputatı Rövşən Muradov Fransanın dənizaşırı ərazilərə giriş rejimini sərtləşdirməsi ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, bu addım təhlükəsizlik və miqrasiya nəzarətinin gücləndirilməsi kimi təqdim oluna bilər. Lakin onun sözlərinə görə, həmin ərazilər Şengen məkanına daxil olmadığından onlar üçün ayrıca viza rejimi tətbiq olunur və Şengen vizası bu ərazilərə avtomatik giriş hüququ yaratmır. “Buna görə də müzakirə olunan sərtləşmə ayrıca rejimin mövcudluğundan daha çox, məhdudiyyətlərin hansı meyarlarla, kimlərə qarşı və hansı məqsədlə tətbiq edilməsi əsasında qiymətləndirilməlidir. Fransanın rəsmi viza qaydaları da hər bir dənizaşırı ərazi üçün fərqli hüquqi prosedurların müəyyənləşdirildiyini göstərir”.
Rövşən Muradov qeyd edib ki, beynəlxalq hüquq dövlətlərə əcnəbilərin girişini tənzimləmək səlahiyyəti versə də, bu səlahiyyət hüquqi müəyyənlik, zərurilik, mütənasiblik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri ilə məhdudlaşır. “Əgər viza və inzibati prosedurlar jurnalistlərin, tədqiqatçıların, hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və yerli xalqlarla əməkdaşlıq edən şəxslərin səfərlərini seçici şəkildə məhdudlaşdırırsa, təhlükəsizlik arqumenti öz legitimliyini itirərək informasiya axınına, beynəlxalq müşahidəyə və yerli icmaların səsinin dünyaya çatdırılmasına mane olan siyasi vasitəyə çevrilir. Son məlumatlarda məhz belə məhdudlaşdırıcı təsirlərlə bağlı ciddi narahatlıqlar ifadə olunur. Bakı Təşəbbüs Qrupunun açıqlamasında da bu məqamlar xüsusi vurğulanıb”.

Deputat Fransanın dənizaşırı ərazilərinin vahid status daşımadığını və giriş məhdudiyyətlərinin həmin ərazilərin hüquqi statusunu avtomatik dəyişdirmədiyini bildirib. O qeyd edib ki, Kanaki–Yeni Kaledoniya və Maohi Nui–Fransız Polineziyası BMT tərəfindən özünü idarə etməyən ərazilər kimi nəzərdən keçirilir və BMT Nizamnaməsinin 73-cü maddəsi həmin ərazilərin sakinlərinin mənafelərinin üstün prinsip olduğunu müəyyənləşdirir. “Belə siyasətin davamı BMT-nin dekolonizasiya və insan hüquqları mexanizmləri çərçivəsində Fransaya yönələn tənqidləri gücləndirə, yerli xalqların etimadını daha da zəiflədə və Parisin insan hüquqlarının müdafiəçisi kimi beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Təhlükəsizlik bütün ərazini xarici müşahidədən təcrid edən ümumi bəhanəyə çevrilməməli, tətbiq edilən qaydalar şəffaf, əsaslandırılmış və mütənasib olmalıdır. Əks halda, viza rejimi sərhəd nəzarəti vasitəsindən çıxaraq müstəmləkə asılılığını qoruyan inzibati sədd təsiri yaradacaq”.
Politoloq Oqtay Qasımov Fransanın dənizaşırı ərazilərə giriş rejimini sərtləşdirməsi ilə bağlı açıqlamasında bildirib ki, bu addım Fransanın həmin ərazilərdə mövqeyini qorumaq və müstəmləkəçilik siyasətini davam etdirmək cəhdi kimi qiymətləndirilə bilər. “Fransa özünün müstəmləkələrində hər zaman sərt qaydalar və rejim tətbiq etməsi ilə məşhurlaşmış bir müstəmləkəçi ölkədir. Və dənizaşırı ərazilərdə yenidən qaydaların və rejimin sərtləşməsi də məhz bununla bağlıdır. Çünki son illər məhz Fransanın dənizaşırı ərazilərində, Kaledoniyada və digər yerlərində Fransadan ayrılmaq və öz hüquqları uğrunda mübarizə kifayət qədər genişlənib, onların məsələsi beynəlxalq səviyyədə müzakirələrə çıxarılıb. Və hətta keçən il Yeni Kaledoniyada baş verən etiraz aksiyalarının necə yatırıldığını və Makronun da bölgəyə səfərini xatırlayırıq”.
Oqtay Qasımov qeyd edib ki, Fransa sərt rejim tətbiq etməklə dənizaşırı ərazilərdə mövqelərini qorumağa çalışır və bu siyasət yerli xalqların etirazları ilə qarşılaşa bilər: “Yəni Fransa bununla müstəmləkələrdə öz mövqeyini qorumaq, rejimi sərtləşdirməklə müstəmləkəçilik iddialarını və onun müddətini uzatmağa çalışır. Bu baxımdan bu addım, əlbəttə ki, həmin ərazilərdə yaşayan xalqların etirazları ilə üzləşəcək. Çünki artıq bu ərazilərin insanları bir formada öz hüquqları uğrunda mübarizə aparmaqda qərarlıdırlar və öz səslərini dünyaya çatdırmaq üçün müxtəlif platformalardan istifadə edirlər ki, bu da Fransa üçün çox da uyğun olmayan bir məsələdir”.

Politoloq vurğulayıb ki, Fransanın dənizaşırı ərazilərində insan hüquqları və digər problemlərlə bağlı məsələlərin beynəlxalq platformalarda gündəmə gətirilməsi ölkənin nüfuzuna mənfi təsir göstərib: “Necə ki, əvvəlki illərdə BMT-də və müxtəlif beynəlxalq platformalarda məhz Fransanın dənizaşırı ərazilərində baş verən bu hadisələr, insan hüquqlarının pozulması, xalqların ekoloji problemlərlə üz-üzə qoyulması və sair kimi məsələlər gündəm mövzusu olmuşdu və bu da Fransanın nüfuzuna kifayət qədər mənfi təsir göstərmişdi. Bu baxımdan atılan bu sərt addımlar, hesab edirəm ki, müvəqqəti xarakter daşıyacaq və orada yaşayan insanların, xalqların hüquqları verilməyincə, təmin olunmayınca, əlbəttə ki, həmin ərazilərdə sabitliyin bərqərar olunması kifayət qədər problematik olacaq”.
Nigar Xəlilli
18:30 09.09.2026
Oxunuş sayı: 48