Ermənistan müharibədə nə qədər itki verib? - Prezident və rəsmilər arasında fikir ayrılığı
44 günlük Vətən müharibəsi zamanı Ermənistanın verdiyi itkilərlə bağlı yeni rəqəmlər açıqlanıb. Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş müharibə zamanı ümumilikdə 3833 nəfərin öldüyünü bildirib. Qeyd olunub ki, hazırda 191 nəfərin taleyi məlum deyil. Bununla yanaşı, Ermənistan Prezidenti Vaahn Xaçaturyan daha əvvəl Praqada CEVRO Universitetində çıxışı zamanı müharibədə ölənlərin sayını 4800 nəfər kimi açıqlamışdı. Fərqli vaxtlarda Ermənistan rəsmiləri tərəfindən səsləndirilən bu rəqəmlər arasında ciddi fərqin olması diqqət çəkir. İlkin məlumatlarla sonradan dəqiqləşdirilən statistikanın bir-birindən fərqlənməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Belə fərqlərin yaranmasında itkin düşən şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi, fərqli mənbələrdən istifadə və statistik göstəricilərin yenilənməsi rol oynaya bilər. Eyni zamanda, Ermənistan daxilində davam edən siyasi proseslər və daxili siyasi mübarizə zamanı müharibə itkiləri ilə bağlı rəqəmlərin siyasiləşdirilməsi də mümkün amillər sırasında göstərilir. Bəs Ermənistan rəsmilərinin açıqladığı fərqli rəqəmlər necə izah oluna bilər və hansı göstərici real hesab edilməlidir?
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, müharibədən sonra itkin düşən şəxslərin olması və bəzi məlumatların qeyri-müəyyən qalması səbəbindən ilkin və sonrakı rəqəmlər arasında fərqlərin yaranması mümkündür:
“Müharibədən sonra da itkin düşənlər var, bəzi məlumatsızlıqlar mövcuddur. Ona görə bəzən müharibə gedərkən açıqlanan ilkin rəqəmlərlə müharibədən sonrakı rəqəmlər arasında fərq ola bilər. Bu, bir səbəbdir. Digər səbəb mənbələrin fərqli olması ilə bağlı ola bilər. Yəni Baş nazirin istifadə etdiyi rəqəmlər bir mənbədən götürülə bilər. Başqa kimsə həmin rəqəmi istifadə edir və səsləndirirsə, bu, başqa mənbəyə əsaslana bilər. Digər səbəb isə rəqəmlərin zaman keçdikcə statistik baxımdan dəqiqləşdirilməsi ola bilər. Dəqiqləşdirmə nəticəsində də müəyyən fərqlər yarana bilər. Ona görə də dövlət səviyyəsində birinci şəxsin səsləndirdiyi rəqəmlərlə digər dövlət nümayəndələrinin açıqladığı göstəricilər fərqli ola bilər.
Ekspert qeyd edib ki, prinsipial cəhətdən bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Onlar çox vaxt bu məsələləri siyasiləşdirirlər. Ermənistanda daxili siyasi mübarizələrin getdiyini bilirik. Bu siyasi mübarizələrdə həmin rəqəmlər müəyyən məqsədlər üçün istifadə oluna bilər. Ona görə də mən düşünürəm ki, bu, daha çox bununla bağlıdır. Real rəqəm, əlbəttə, rəsmi şəkildə qəbul olunan, elan edilən və istifadə edilən rəqəmdir”.
Zeynəb Həsən
18:00 09.09.2026
Oxunuş sayı: 49