Paşinyan Rusiyadan çıxıb Fransaya qaçdı - səfərin arxasında gizlənən səbəblər
Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfərinin rəsmi səbəbi Beynəlxalq Kosmik Sammitdə iştirakdır. Səfər çərçivəsində Fransa rəsmiləri ilə görüşlərin də keçirilməsi gözlənilir. Lakin səfərin gündəliyində görünən məsələlərlə yanaşı, daha ciddi siyasi və iqtisadi maraqların olduğu bildirilir. Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik davam edir. İrəvan siyasi və hərbi məsələlərdə Avropaya yaxınlaşsa da, iqtisadi baxımdan Rusiyadan ciddi asılılığını qoruyur. Xüsusilə Avrasiya İqtisadi İttifaqı ilə bağlı münasibətlər Ermənistan üçün mühüm iqtisadi amil olaraq qalır. Bu vəziyyətdə Paşinyanın Paris səfərinin əsas məqsədlərindən birinin Avropadan əlavə iqtisadi və siyasi dəstək almaq olduğu ehtimal edilir.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Paşinyanın Fransaya səfərinin görünən tərəfi kosmik sammit olsa da, səfərin əsas məqsədlərindən biri Rusiyanın iqtisadi təzyiqləri qarşısında Avropadan dəstək almaqdır: “Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri Beynəlxalq Kosmik Sammit çərçivəsində baş tutur. Səfərlə bağlı rəsmi məlumatlarda keçiriləcək görüşlərin məhz bu sammit çərçivəsində olacağı bildirilir. Yəni bu, səfərin görünən tərəfidir. Lakin məsələnin görünməyən tərəfi də var. Fikrimcə, Ermənistanın Baş naziri Rusiyanın iqtisadi təzyiqləri qarşısında Avropadan dəstək axtarışı məqsədilə Fransaya gedir. Paşinyanın Makronla müzakirə edəcəyi əsas məsələ də Rusiyanın iqtisadi təzyiqləri qarşısında Ermənistana göstəriləcək kömək və Avropanın dəstəyinin artırılmasıdır. Məlumdur ki, Ermənistan anti-Rusiya siyasətində hərbi və siyasi baxımdan Avropadan alternativ dəstək alsa da, iqtisadi baxımdan verilən dəstək kifayət deyil. Bu gün Ermənistan iqtisadi cəhətdən Rusiyadan, o cümlədən Avrasiya İqtisadi İttifaqı bazarından böyük ölçüdə asılıdır. Rusiya məhz bundan istifadə edərək Ermənistanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edir. Ermənistan hakimiyyəti isə bu dilemma qarşısında çıxış yolu axtarır. Çünki indiki halda Avropa İttifaqına üzvlük məsələsi uzaq perspektivdə də görünmür. Bu hədəfə nail olmadan Avrasiya İqtisadi İttifaqından çıxmaq, yəni belə bir seçim etmək, Ermənistana iqtisadi baxımdan ciddi problemlər yarada bilər. Ona görə də Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolları axtarır.

Politoloq hesab edir ki, Paşinyanın Makronla müzakirə edəcəyi əsas məsələlərdən biri də budur: "Paşinyan Makrondan Avropa İttifaqının Ermənistana iqtisadi dəstəyinin artırılması ilə bağlı kömək istəyə bilər. Bununla yanaşı, Fransanın Ermənistana müəyyən dəstək məsələləri də müzakirə oluna bilər. Düşünürəm ki, səfərin görünməyən tərəfi məhz budur və əslində Paşinyanın Fransa səfərinin əsas məqsədi də bundan ibarətdir. Bununla yanaşı, Paşinyan, xüsusilə Rusiya ilə gərginliyin kəskinləşdiyi bir məqamda, Fransaya getməklə Avropanın onu dəstəklədiyi mesajını verir. Bu mesaj yalnız Rusiyaya qarşı deyil, həm də bütövlükdə Avropa İttifaqına verilir. Yəni Avropa İttifaqının əsas ölkələrindən biri olan Fransa Ermənistanın yanındadır. Düzdür, əsas məqsəd Avropa İttifaqının Ermənistana dəstəyini daha da artırmağa nail olmaqdır”.
Zeynəb Həsən
19:00 09.09.2026
Oxunuş sayı: 51