ABŞ-İran müharibəsi başa çatır - vaxt açıqlandı
ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib. Münaqişənin artıq yeddinci ayına keçdiyi bir vaxtda Tramp Tehranı ABŞ seçkilərinə təsir göstərməyə çalışmaqda ittiham edib. Eyni zamanda, savaşın uzanması ABŞ-də yanacaq qiymətlərinin və yaşayış xərclərinin artmasına səbəb olaraq daxili siyasi gündəmdə də ciddi təzyiq yaradır.
Politoloq Əlimusa İbrahimov ABŞ Prezidenti Donald Trampın İranla davam edən müharibə ilə bağlı son bəyanatının əvvəlki açıqlamalarından əhəmiyyətli dərəcədə fərqləndiyini Crossmedia.az-a açıqlamasında bildirib: “Bunun əsas səbəblərindən biri müharibənin seçkilərə qədər başa çatmamasıdır. ABŞ Prezidenti müharibənin seçkilərə qədər başa çatmasını, seçkilərə qalib kimi qatılmasını və bunun həm özünün, həm də Respublikaçılar Partiyasının seçkilərdə mövqelərinin möhkəmlənməsinə, Konqresdə daha çox yer qazanmasına səbəb olmasını istəyirdi. Lakin Tramp və ABŞ prezident administrasiyası buna nail ola bilməyib. İranla müharibə davam edir və onun nə vaxt başa çatacağı dəqiq məlum deyil”.
Politoloqun sözlərinə görə, Tramp son açıqlamasında müharibənin davam etməsini siyasi baxımdan öz mövqeyinə uyğun şəkildə təqdim etməyə çalışıb: “Trampın bəyanatından belə görünür ki, o, müharibənin başa çatmamasının səbəbini İranın müharibəni dayandırmaq istəməməsi ilə əlaqələndirir. Onun fikrincə, İran ABŞ-də noyabrda keçiriləcək seçkilər fonunda müharibəni uzatmaqla Trampın və Respublikaçıların seçkilərdə məğlub olmasına nail olmağa çalışır. Bu baxımdan, Trampın başqa formada açıqlama verməsi siyasi baxımdan çətin görünür”.

Əlimusa İbrahimov vurğulayıb ki, müharibənin seçkilərdən sonra başa çatacağı ilə bağlı da qəti fikir söyləmək mümkün deyil: “Bu, İranın ABŞ-dakı daxili siyasi proseslərə hansı formada təsir etmək imkanına malik olmasından asılı olacaq. Əgər İran noyabrda keçiriləcək seçkilərə təsir edə biləcəyini hiss etsə və ya buna nail olduğunu görsə, müharibənin məhz seçkilərdən sonra başa çatacağını düşünmək düzgün olmaz. Konqres seçkiləri başa çatdıqdan iki il sonra ABŞ-də prezident seçkiləri keçiriləcək. Əgər İran Konqres seçkilərində müəyyən nəticələr əldə edə və seçki prosesinə təsir göstərə bilsə, əldə etdiyi imkanlardan prezident seçkiləri zamanı da istifadə etməyə çalışa bilər. Buna görə də müharibənin yaxın zamanda başa çatacağı barədə danışmaq hələ tezdir”.
Nigar Xəlilli
14:00 10.09.2026
Oxunuş sayı: 45