Rusiyada əmanətlər üzrə rekord artım
Rusiyada vətəndaşların bank əmanətlərində saxladığı vəsaitlərin məbləği son bir ildə bütün gəlir qrupları üzrə orta hesabla 17 faiz artıb.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə “VTB”nin araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, aylıq gəliri 30 min rubla qədər olan müştərilərin banklardakı orta əmanəti 69 min rubl təşkil edib. Bu göstərici bir il əvvəlki ilə müqayisədə 15 faiz çoxdur.
Gəliri 30-60 min rubl olan şəxslərin orta əmanəti 107 min rubl (+20 faiz), 60-100 min rubl qazananların əmanəti 140 min rubldan çox (+11 faiz), 100-150 min rubl gəliri olanların əmanəti isə 217 min rubl (+20 faiz) təşkil edib.
150-200 min rubl gəliri olan müştərilər banklarda orta hesabla 354 min rubl saxlayıb ki, bu da illik müqayisədə 20 faiz artım deməkdir.
Ən yüksək yığım isə aylıq gəliri 200 min rubldan çox olan əməkhaqqı müştərilərində qeydə alınıb. Bu kateqoriyada banklardakı orta əmanət 1,8 milyon rubl olub və il ərzində 13 faiz artıb.
“VTB”nin əvvəlki sorğusuna əsasən, əmanətlərin olması rusiyalıların böyük əksəriyyətinə psixoloji sabitlik qazandırır. Sorğuda iştirak edənlərin 73 faizi maliyyə ehtiyatlarının emosional sabitliyə kömək etdiyini bildirib.
00:47 11.09.2026
Oxunuş sayı: 39