Zelenski: Donbasda azad iqtisadi zona yalnız Ukraynanın suverenliyi çərçivəsində mümkündür
Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda mümkün azad iqtisadi zona ilə bağlı Kiyev və Moskvanın hələ də ortaq mövqeyə gəlmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə Prezident Volodimir Zelenskinin jurnalistlərlə söhbətinə istinadən məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə aparılan müzakirələrə baxmayaraq, Donbasda azad iqtisadi zonanın yaradılması məsələsində Ukrayna və Rusiya fərqli yanaşmalara malikdir.
"Azad iqtisadi zona yaradılsa belə, bunun üçün ədalətli və etibarlı qaydalar olmalıdır. Hər iki tərəf üçün eyni şərtlər və eyni təkliflər tətbiq edilməlidir", – deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, belə bir zona yaradılsa belə, Ukrayna onu heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq.
"Bu, bizim torpağımızdır. Azad iqtisadi zona olsa belə, orada bizim xalqımız, bayrağımız və nəzarətimiz olacaq. Bu əraziyə necə nəzarət edəcəyimiz bizim qərarımızdır. Bu, bizim ərazimizdirsə, orada nə edəcəyimizi heç kimlə bölüşməyə ehtiyac yoxdur", – Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırda Ukrayna və tərəfdaşları "Prosperity Package" adlı sənədlər üzərində fəal işləyirlər.
Zelenski bildirib ki, böyük ehtimalla, Ukrayna, Avropa və ABŞ arasında üçtərəfli sənəd imzalanacaq.
"Ehtimal ki, Avropa, ABŞ və Ukrayna arasında vahid sənəd olacaq və onu hər üç tərəf imzalayacaq", – deyə o bildirib.
Prezident eyni zamanda ABŞ ilə Rusiya arasında ayrıca iqtisadi sənədlərin imzalanmasının da mümkün olduğunu qeyd edib.
"Onların ikitərəfli iqtisadi və biznes razılaşmalarının hamısını bilmirik, lakin müəyyən məlumatlar əldə edirik. Məsələn, kəşfiyyat mənə Kirill Dmitriyevin ABŞ-də təqdim etdiyi, təxminən 12 trilyon dollar dəyərində qiymətləndirilən iqtisadi əməkdaşlıq paketini göstərdi", – Zelenski bildirib.
O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan əldə ediləcək razılaşmalar Ukrayna ərazisində hüquqi qüvvəyə malik olmayacaq.
"Biz açıq şəkildə göstəririk ki, Ukrayna ilə bağlı Ukraynasız qəbul ediləcək heç bir razılaşmanı dəstəkləməyəcək", – deyə dövlət başçısı bildirib.
Zelenski fevralın 4-5-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşlə bağlı da əlavə məlumat verib. Onun sözlərinə görə, ABŞ müharibənin bu yay başa çatdırılmasını təklif edir.
Prezident həmçinin qeyd edib ki, Rusiya ABŞ-dən işğal altında olan Krımın Rusiya ərazisi kimi tanınmasını istəyir.
11:33 18.07.2026
Oxunuş sayı: 49