Erik Tramp: Azərbaycan bizim dostumuzdur, İsrail isə müttəfiqimizdir
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp ABŞ Konqresində Bakının baş sefard ravvini Zamir İsayevlə görüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Erik Tramp Azərbaycanla bağlı Azərbaycan bizim dostumuzdur, İsrail isə bizim müttəfiqimizdir ifadəsini işlədib və iki ölkə ilə münasibətlərin əhəmiyyətini vurğulayıb.
Görüş iyulun 14-də ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunan tədbir çərçivəsində keçirilib. Tədbirə ABŞ ilə dost münasibətləri olan ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti də dəvət olunub.
Azərbaycan nümayəndə heyətində Bakı sefard ravvini Zamir İsayev və Azərbaycan Bibliya Cəmiyyətinin rəhbəri Rasim Xəlilov iştirak edib.
Ravvin İsayev Erik Trampa Azərbaycandakı yəhudi icmasının vəziyyəti barədə məlumat verərək, ölkədə dini azadlığın təmin olunduğunu və yəhudilərin təhlükəsiz şəraitdə yaşadığını bildirib.
Erik Tramp həmçinin Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan razılaşmaya toxunaraq, TRIPP regional nəqliyyat layihəsinin yaxın zamanda həyata keçirilməsinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, bu layihə bölgəyə hər kəsin gözlədiyi sülhü gətirəcək”, – deyə Erik Tramp qeyd edib.
Görüşün sonunda Zamir İsayev Erik Trampa İsrail və Azərbaycanla bağlı dəstəyinə görə təşəkkür edib və üç ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini bildirib.
21:52 17.07.2026
Oxunuş sayı: 59