Ceyhun Bayramov: "3+3" formatına tələbat qalmaqdadır
"3+3" formatına (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) tələbat qalmaqdadır və iştirakçı ölkələr qarşılıqlı maraq doğuran bütün məsələlər kompleksini müzakirə etməlidirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə bildirib.
"2021-ci ildə Cənubi Qafqazdakı vəziyyət kontekstində fərqli bir vəziyyətimiz, fərqli bir dinamikamız var idi. Bu gün vəziyyət köklü şəkildə dəyişir. İndiyə qədər Moskvada, Tehranda, sonuncusu isə 2024-cü ildə İstanbulda olmaqla üç iclas keçirilib. Bizim mövqeyimiz ondan ibarətdir ki, 2024-cü ildə üçüncü iclasın yekunlarına əsasən, Azərbaycan tərəfi növbəti görüşün Azərbaycanda keçirilməsini təklif edib. Biz hesab edirik ki, bu formata tələbat qalmaqdadır, vacibdir. Ancaq iştirakçı ölkələr qarşılıqlı maraq doğuran məsələlərin bütün kompleksini müzakirə etməlidirlər", - C.Bayramov qeyd edib.
Öz növbəsində, Sergey Lavrov qeyd edib ki, tərəflər bu format çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin vacibliyini təsdiqləyiblər:
"Biz bu il iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "3+3" formatı dövlətlərinin ekspertlərinin görüşünün keçirilməsi faktını, hər altı ölkənin iştirakını alqışladıq. Ümid edirik ki, yaxın vaxtlarda azərbaycanlı və erməni həmkarlarımız növbəti nazirlər iclaslarının qrafiki barədə razılığa gələcəklər və biz onun harada - Bakıda, yoxsa İrəvanda keçiriləcəyini müəyyənləşdirəcəyik".
16:59 17.07.2026
Oxunuş sayı: 50