Aİ Ermənistana vizasız rejim vəd etmir: İrəvanı hansı şərtlər gözləyir?
Ermənistanın Avropa İttifaqı ilə vizasız gediş-gəlişə keçidi istiqamətində başlanan proses davam etsə də, yaxın zamanda vizaların ləğv ediləcəyi ilə bağlı gözləntilər reallığı əks etdirmir.
Crossmedia.az xəbər verir ki, 2024-cü ilin sentyabrında Brüssel və İrəvan arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa start verilib. Bununla belə, bu proses vizaların dərhal ləğvi demək deyil və bir sıra şərtlərin tam yerinə yetirilməsini tələb edir.
Hazırda Ermənistan və Aİ arasında 2014-cü ildən qüvvədə olan viza verilməsinin sadələşdirilməsi sazişi tətbiq edilir. Bu saziş vizaları ləğv etmir, lakin bəzi kateqoriyalar üçün sənədləşmə prosesini asanlaşdırır, rüsumları azaldır və çoxgirişli Şengen vizalarının alınmasını sadələşdirir.
Vizasız rejimə keçid üçün Ermənistan biometrik pasportların tətbiqi, sərhəd idarəçiliyinin təkmilləşdirilməsi, miqrasiya və sığınacaq sisteminin Avropa standartlarına uyğunlaşdırılması, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində öhdəlikləri yerinə yetirməlidir.
Avropa Komissiyasının ilk tərəqqi hesabatına əsasən, sənəd təhlükəsizliyi və miqrasiya sahəsində bəzi tələblər üzrə irəliləyiş əldə olunub. Bununla yanaşı, biometrik pasportların istehsalına yalnız 2026-cı ilin sonuna qədər başlanması planlaşdırılır.
Növbəti qiymətləndirmə hesabatının 2027-ci ilin ikinci rübündə açıqlanması gözlənilir. Aİ rəsmiləri bildirirlər ki, vizasız rejimin nə vaxt tətbiq olunacağı ilə bağlı hər hansı tarix müəyyən edilməyib və yekun qərar yalnız bütün tələblər tam və davamlı şəkildə yerinə yetirildikdən sonra verilə bilər.
03:03 18.07.2026
Oxunuş sayı: 79