Ermənistan dövləti Tsarukyanın "Araratsement" şirkətini nəzarətə götürüb
Ermənistanda oliqarx və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana məxsus "Araratsement" şirkəti dövlətin idarəçiliyinə və mühafizəsinə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluğun bununla bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilib.
Bildirilir ki, dövlət həmçinin Qaqik Tsarukyandan 75 daşınmaz əmlakın və daha 10 obyektin bazar dəyərinin, o cümlədən İrəvanda yerləşən 57 əmlakın, 42 nəqliyyat vasitəsinin, 38 şirkətdəki paylarının, o cümlədən "Multi Group", "Multi Avtotrans", "Onira Club" və digər hüquqi şəxslərdəki səhmlərinin, eləcə də 105 milyard dramdan (təxminən 284 milyon ABŞ dolları) çox vəsaitin müsadirə olunmasını tələb edir.
Məlumatda qeyd olunur ki, tələb edilən məbləğə qanunsuz əldə olunduğu iddia edilən gəlirlər və verilmiş borclar da daxildir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Qaqik Tsarukyanı sərt tənqid edərək onun "biznes belini qıracağını", əmlakını, o cümlədən "Araratsement" şirkətini əlindən alacağını və evini yaşlılara xidmət mərkəzinə çevirəcəyini bildirmişdi.
16:51 16.07.2026
Oxunuş sayı: 50