Sosial şəbəkələr insan alveri şəbəkələrinin fəaliyyətini genişləndirib
Azərbaycanda insan alverinə qarşı mübarizənin daha sistemli və effektiv təşkili istiqamətində yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2026–2030-cu illər üçün İnsan Alverinə Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib. Sənəd insan alveri ilə mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsini, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini, eləcə də Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasını nəzərdə tutur. Yeni fəaliyyət planı fonunda ölkədə insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti və qarşıdakı dövrdə gözlənilən nəticələr yenidən diqqət mərkəzinə gəlib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli
Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, insan alveri müasir dövrün ən
ciddi transmilli cinayətlərindən və qlobal təhlükələrindən biridir: “Düzdür, Azərbaycanda
bu cinayət növü nisbətən aşağı səviyyədədir. Bununla belə, insan alverinə qarşı
mübarizə dövlətin prioritet istiqamətlərindən biri olaraq qalır. Təsadüfi deyil
ki, hər il yaz sessiyası çərçivəsində Milli Məclisdə insan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun – daxili işlər nazirinin birinci müavininin
illik hesabatı dinlənilir və parlamentdə geniş müzakirə olunur. Bu gün sosial şəbəkələrin
həyatımıza sürətlə daxil olması və informasiya texnologiyalarının geniş
yayılması təəssüf ki, insan alveri ilə məşğul olan cinayətkar qrupların fəaliyyət
imkanlarını da artırır. Onlar xüsusilə gənclərə və qadınlara xaricdə yüksək
maaşlı iş, yaxşı yaşayış şəraiti və müxtəlif cəlbedici vədlər təqdim edirlər. Gənclər
isə bəzən məlumatsızlıqdan, bəzən də bu vədlərə inanaraq onların toruna düşürlər.
Belə hallara rast gəlinir və bu istiqamətdə ciddi mübarizə aparılır”.

Deputat qeyd edib ki, həm beynəlxalq hüququn, həm də
milli qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə olunur: “Maarifləndirmə
tədbirləri həyata keçirilir, insan alveri ilə məşğul olan şəxslər barəsində
çıxarılan məhkəmə qərarları ictimaiyyətə çatdırılır. Eyni zamanda bu təhlükə ilə
mübarizədə qeyri-hökumət təşkilatlarının maarifləndirmə və təbliğat
imkanlarından da geniş istifadə edilir. Növbəti illər üçün Milli Fəaliyyət
Planının təsdiqlənməsi də onu göstərir ki, Azərbaycan insan alverinə qarşı
mübarizəni bundan sonra da dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi
davam etdirəcək”.
Ayhan
18:30 16.07.2026
Oxunuş sayı: 68