Süni intellektlə hazırlanan saxta reklamlar internet istifadəçilərini hədəfə alır
Sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanmış, mövcud olmayan məhsulları satan və ya keyfiyyətsiz mallar təklif edən real görünüşlü saxta reklamların sayı artır.
Crossmedia.az xəbər verir ki, mütəxəssislər fırıldaqçıların süni intellektdən istifadə edərək qısa müddətdə peşəkar görüntülü videolar və saxta müştəri rəyləri hazırladıqlarını bildirirlər.
Qeyd olunur ki, bu cür reklamlar həm şübhəli internet saytlarında, həm də "Amazon" kimi tanınmış platformalarda yayıla bilir. İstifadəçilərin saxta keçidlərə daxil olması nəticəsində cihazlara zərərli proqramlar yüklənə, fişinq hücumları ilə şəxsi məlumatlar ələ keçirilə və bank kartlarından icazəsiz ödənişlər həyata keçirilə bilər.
Ekspertlərin sözlərinə görə, yeni saxta kontentin böyük həcmi avtomatik moderasiya sistemlərinin bu reklamları vaxtında aşkar etməsini çətinləşdirir.
İstifadəçilərə təhlükəsizlik üçün məhsul şəkillərini əks axtarış sistemləri ilə yoxlamaq, naməlum saytların ünvanlarına diqqət etmək, botlara bənzər şərhlərdən və həddindən artıq ideal görünən təkliflərdən uzaq durmaq tövsiyə olunur.
08:30 17.07.2026
Oxunuş sayı: 65