Tənhalıq psixi sağlamlığı ciddi şəkildə pisləşdirir – Araşdırma
Böyük Britaniyada aparılan yeni araşdırma göstərib ki, tənhalıq və sosial təcrid psixi sağlamlığın pisləşməsi, həyat keyfiyyətinin aşağı düşməsi və ümumi sağlamlığın zəifləməsi ilə sıx əlaqəlidir.
Crossmedia.az xəbər verir ki, Bristol Universiteti, Nesta və Amsterdam Universitet Tibb Mərkəzinin (Amsterdam UMC) alimlərinin birgə apardığı araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Tədqiqat zamanı alimlər UK Biobank məlumat bazası və genişmiqyaslı genetik tədqiqatların nəticələrindən istifadə edərək tənhalıq və sosial təcridin insanların fiziki və psixi sağlamlığına təsirini araşdırıblar.
Araşdırma göstərib ki, həm tənhalıq, həm də sosial təcrid psixi sağlamlığın zəifləməsi və həyat məmnuniyyətinin azalması ilə əlaqəlidir. Tənhalıq yaşayan insanlarda ümumi sağlamlıq göstəricilərinin daha zəif olduğu və eyni anda bir neçə xəstəlikdən əziyyət çəkmə ehtimalının yüksək olduğu müəyyən edilib.
Bununla belə, tədqiqatçılar tənhalığın konkret fiziki xəstəliklərə birbaşa səbəb olduğunu təsdiqləyən kifayət qədər sübut əldə etməyiblər. Onlar bu ehtimalın tam istisna edilmədiyini və əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Araşdırmanın rəhbəri, Bristol Universitetinin əməkdaşı doktor Zoi Rid bildirib ki, tənhalıq və sosial təcrid yaşayan insanlara dəstək göstərilməsi onların psixi sağlamlığını, həyat keyfiyyətini və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdıra bilər.
Tədqiqat müəlliflərinin fikrincə, gələcək araşdırmalarda tənhalığın gənclərə təsiri və uzunmüddətli nəticələri daha ətraflı öyrənilməlidir.
03:30 17.07.2026
Oxunuş sayı: 58