ABŞ və İran arasında gərginlik daha da artır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni silsilə zərbələr endirdiyini açıqlayıb. Buna cavab olaraq İran gecə saatlarında ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatları komplekslərinə, eləcə də sahil mühafizəsi obyektlərinə yüksək dəqiqlikli silahlarla zərbələr endirib.
Bildirilib ki, əməliyyatlar İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə təhlükə yaratmaq imkanlarını daha da zəiflətmək məqsədi daşıyıb. Zərbələr Bəndər-Abbas da daxil olmaqla bir neçə ərazidə həyata keçirilib.
CENTCOM əlavə edib ki, bundan əvvəl ABŞ qüvvələri Böyük Tunb adasında yerləşən sahil müdafiəsi və qanadlı raket obyektlərinə qarşı 90 dəqiqə davam edən əməliyyat keçirib. Qeyd olunub ki, bütün əməliyyatlar ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi əsasında icra olunub.
Məlumata görə, İran isə gecə saatlarında Bəhreyn, İordaniya və Küveytdə yerləşən ABŞ obyektlərinə zərbələr endirib. Bildirilir ki, Küveytdə hücumların hədəfi ölkə üçün strateji əhəmiyyət daşıyan bir sıra sənaye obyektləri olub.
10:34 16.07.2026
Oxunuş sayı: 52