Aİ ABŞ-nin 15 faizlik rüsumlarından azad ediləcək Avropa mallarının siyahısını hazırlayıb
Avropa Komissiyası ABŞ ilə ikitərəfli ticarət razılaşması çərçivəsində 15 faizlik idxal rüsumlarından azad olunması nəzərdə tutulan Avropa məhsullarının siyahısını hazırlayıb.
Crossmedia.az xəbər verir ki, "Euractiv" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası hesab edir ki, Avropa İttifaqı tarif razılaşması üzrə üzərinə düşən öhdəlikləri artıq yerinə yetirib və iyulun 1-dən etibarən ABŞ istehsalı olan yüzlərlə sənaye və kənd təsərrüfatı məhsuluna tətbiq edilən rüsumları ləğv edib.
"Euractiv"in əldə etdiyi sənədə əsasən, Avropa Komissiyasının təklif etdiyi siyahı ümumi dəyəri təxminən 150 milyard avro olan Avropa ixrac məhsullarını əhatə edir.
Siyahıya spirtli içkilər, o cümlədən şərab, viski, cin, rom, araq və likörlər, eləcə də müxtəlif ərzaq məhsulları daxildir. Buraya həmçinin Rokfor və Pekorino pendirləri, zeytun yağı, zeytun, makaron məmulatları və göbələklər daxil edilib.
Bundan əlavə, Brüssel sənaye robotlarının, kənd təsərrüfatı texnikasının və tibbi avadanlıqların da ABŞ tərəfindən tətbiq edilən 15 faizlik idxal rüsumundan azad olunmasına nail olmağa çalışır.
14:13 15.07.2026
Oxunuş sayı: 47