500 kilo insan plasentası müsadirə edildi: mübahisəli tibbi bazar yenidən gündəmdə
Pakistanda xəstəxanalardan toplandığı iddia edilən təxminən 500 kiloqram insan plasentası müsadirə edilib. İstintaq orqanları bu materiallardan xaricdə satılmaq üçün yaşlanma əleyhinə inyeksiyalar hazırlanmasının planlaşdırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "BBC News Urdu" bu barədə məlumat yayıb.
Hamiləlik dövründə körpənin oksigen və qida ehtiyacını təmin edən plasenta doğuşdan sonra tibbi tullantı hesab olunur. Lakin tərkibindəki bioloji maddələr səbəbindən bu müvəqqəti orqandan estetik prosedurlar, yara müalicələri və bəzi tibbi tətbiqlər üçün istifadə edildiyi bildirilir.
Pakistanda insan plasentasının qanunsuz ticarəti ilə məşğul olduğu iddia edilən beynəlxalq şəbəkəyə qarşı əməliyyat keçirilib. Federal İstintaq Agentliyinin (FIA) məlumatına görə, şəbəkə müxtəlif xəstəxanalardan hər ay təxminən 200 kiloqram plasenta almaqda şübhəli bilinir.
İslamabad şəhərində keçirilən basqın zamanı qanunsuz emal müəssisəsi kimi istifadə edildiyi ehtimal olunan evdə təxminən 500 kiloqram insan plasentası aşkarlanıb. Əməliyyat zamanı beş nəfər saxlanılıb, daha sonra şübhəlilərin sayı doqquza çatıb.
FIA bildirib ki, plasentalar qurudularaq emal edildikdən sonra xaricə göndərilməli və yaşlanma əleyhinə inyeksiyaların hazırlanmasında istifadə olunmalı idi. Hazırlanan məhsulların hər birinin təxminən 2530 dollara satılması planlaşdırılıb.
Pakistan İnsan Orqanlarının Transplantasiyası İdarəsinin nümayəndəsi Hina Kanval bildirib ki, şübhəlilər İslamabad və Ravalpindidəki xəstəxanalardan hər plasentaya təxminən 2,90 dollar ödəyiblər. Onun sözlərinə görə, bu proses xəstəxana rəhbərliyinin iştirakı olmadan mümkün olmazdı.
Pakistanda insan plasentasının alqı-satqısı qanunsuz hesab olunur. Bu fəaliyyətdə təqsirli bilinən şəxslər 10 ilədək həbs və cərimə ilə üzləşə bilərlər.
FIA araşdırmanın Lahor və Peşəvər də daxil olmaqla digər böyük şəhərlərə yayıldığını bildirib. Ehtimal olunan əməkdaşlıqla bağlı miqrasiya əməkdaşları, tullantı idarəetmə şirkətləri və xəstəxanalar da araşdırılır.
Bundan əlavə, İslamabad Beynəlxalq Hava Limanında Vyetnama göndərilməsi nəzərdə tutulan 100 kiloqram insan plasentası da aşkarlanıb. Vyetnamda heyvan plasentasından istifadəyə icazə verilsə də, insan plasentasının istifadəsi qadağandır.
Plasentadan tibbi və kosmetik istifadə
Plasenta hamiləlik zamanı uşaqlıqda yaranan və körpənin inkişafını təmin edən müvəqqəti orqandır. O, göbək ciyəsi vasitəsilə körpəyə oksigen və qida maddələri çatdırır, tullantı maddələrin xaric edilməsində iştirak edir.
Müxtəlif ölkələrdə plasenta ekstraktlarından ənənəvi tibbdə və kosmetologiyada istifadə edilir. Bu məhsulların qırışlar, saç tökülməsi, menopauza, sonsuzluq, artrit və bəzi yara müalicələrində istifadə edildiyi bildirilir.
ABŞ-də fəaliyyət göstərən "Polaris" araşdırma şirkətinin məlumatına görə, qanuni plasenta bazarının illik həcmi hazırda dünyada 700 milyon dollardan çoxdur və bu rəqəmin 2034-cü ilə qədər 1,4 milyard dolları keçəcəyi gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, plasentadan əldə olunan məhsulların tibbi istifadəsi ilə bağlı elmi sübutlar və qanunvericilik ölkələrə görə dəyişir. Bəzi tətbiqlərin effektivliyi ilə bağlı araşdırmalar davam edir.
Çində gizli plasenta ticarəti
Çində insan plasentasının kommersiya məqsədilə satışı qadağan olunsa da, müxtəlif platformalarda gizli satışların davam etdiyi bildirilir.
"Global Times" qəzetinə danışan satıcıların sözlərinə görə, bir insan plasentasının qiyməti 50 dollardan çox ola bilər. Çinli mütəxəssislər isə gigiyena qaydalarına əməl olunmayan plasentaların istifadəsinin HİV, hepatit B və sifilis kimi infeksiyalara yoluxma riski yaratdığını xəbərdar edirlər.
Mütəxəssislərin fikrincə, plasentanın tibbi və kosmetik sahələrdə istifadəsi böyük maraq doğursa da, onun toplanması, emalı və istifadəsi ciddi nəzarət və təhlükəsizlik standartları tələb edir.
13:36 15.07.2026
Oxunuş sayı: 52