Hakan Fidan Ukraynaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-16-da Ukraynaya rəsmi səfər edəcək.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin bildirdiyinə görə, səfər çərçivəsində Hakan Fidanın Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunması planlaşdırılır.
Nazirin, həmçinin Ukraynanın xarici işlər naziri Andriy Sıbiha, Prezident Ofisinin rəhbəri Andriy Yermak, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Krım tatar xalqının lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Kırımoğlu, eləcə də Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla görüşlər keçirməsi nəzərdə tutulur.
Görüşlərdə Türkiyə-Ukrayna münasibətlərinin iqtisadiyyat, energetika və müdafiə sahələri başda olmaqla bütün istiqamətlər üzrə inkişafı, eləcə də iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Hakan Fidanın Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcəyi, Kiyevə göstərilən yardımları vurğulayacağı və Ukraynada ədalətli, davamlı sülhün təmin olunması istiqamətində diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd edəcəyi bildirilir.
Nazirin, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərinə toxunacağı, Türkiyə şirkətlərinin Ukraynadakı investisiyaları və həyata keçirdikləri layihələrlə ölkənin yenidən qurulmasına töhfə verməyə hazır olduğunu vurğulayacağı gözlənilir.
Bununla yanaşı, Hakan Fidanın Türkiyənin Krımın qanunsuz ilhaqını tanımadığına dair mövqeyini də bir daha ifadə edəcəyi qeyd olunub.
12:57 15.07.2026
Oxunuş sayı: 53