"Six-pack" estetik əməliyyatı sonradan qeyri-təbii görünə bilər
Yay mövsümündə "six-pack" (qarın əzələsi) estetik əməliyyatlarına maraq yenidən artıb. Plastik cərrahlar bildirirlər ki, bu əməliyyatlar düzgün seçilmədikdə və sonradan həyat tərzi dəyişdikdə qeyri-təbii nəticələr verə bilər.
Crossmedia.az xəbər verir ki, "Anadolu Ajansı" bu barədə məlumat yayıb.
Məlumata görə, yay mövsümünün başlaması və məşhurların çimərlik görüntülərinin gündəmə gəlməsi qarın əzələsi estetikasına marağı artırıb. Sosial şəbəkələrdə süni görünən "six-pack" əməliyyatları tez-tez tənqid olunur.
Türkiyə Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin sədri Şükrü Yazar bildirib ki, ən təbii görünüş idman vasitəsilə formalaşan qarın əzələləridir. Onun sözlərinə görə, bəzi insanlar idman etmədən estetik əməliyyatla bu görünüşü əldə etmək istəyirlər.
Koç Universiteti Tibb Fakültəsinin Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə üzrə mütəxəssisi Selahəddin Özmen isə qeyd edib ki, əməliyyat arıq insanlarda daha uğurlu nəticə versə də, sonradan çəki artımı və qarında şişkinlik yaranarsa, süni formalaşdırılmış əzələlər qeyri-təbii görünə bilər.
Mütəxəssislərin sözlərinə görə, qarın əzələlərinin daha qabarıq görünməsi üçün ən çox istifadə edilən üsul "high definition liposuction" əməliyyatıdır. Bu zaman müəyyən nahiyələrdən piy toxuması çıxarılır, bəzi hallarda isə xəstənin öz piy toxuması əzələ nahiyəsinə köçürülərək həcmi artırılır. Həkimlər sintetik dolğu maddələrinin istifadəsini tövsiyə etmirlər.
Onların fikrincə, əldə olunan nəticənin uzunmüddətli qalması üçün əməliyyatdan sonra da müntəzəm idman etmək və çəkini sabit saxlamaq vacibdir. Əks halda dəri sallanması, piylənmə və yapışıqlıqlar yaranaraq estetik görünüşü poza bilər.
Mütəxəssislər bildiriblər ki, qadınlar əsasən fit və atletik görünüş, kişilər isə daha qabarıq əzələlər əldə etmək məqsədilə bu əməliyyata müraciət edirlər. Qadınlarda nəticələr adətən daha təbii olur, kişilərdə isə qarındaxili piylənmə səbəbindən istənilən effekti əldə etmək hər zaman mümkün olmur.
Həkimlər əməliyyatdan sonra xəstənin adətən bir gecə xəstəxanada qaldığını, təxminən 4-5 gündən sonra işə qayıda bildiyini bildiriblər. İlk üç həftə xüsusi korsetdən istifadə tövsiyə olunur, daha intensiv idman fəaliyyətinə isə təxminən 1,5-2 ay sonra icazə verilir.
Mütəxəssislər estetik əməliyyat etdirmək istəyən şəxslərə yalnız plastik cərrah ixtisasına malik həkimlərə müraciət etməyi, əməliyyatın tam təchizatlı xəstəxanada aparılmasını və sosial şəbəkələrdə paylaşılan nəticələrə tənqidi yanaşmağı tövsiyə ediblər. Onların sözlərinə görə, internetdə yayılan fotoların bir hissəsində işıqlandırma və müxtəlif vizual effektlərdən istifadə oluna bilər.
13:17 15.07.2026
Oxunuş sayı: 55