Araşdırma: İnsanlar yaşlandıqca adlarına bənzəməyə başlayırlar
Süni intellektin köməyi ilə aparılan yeni araşdırma göstərib ki, insanların siması zaman keçdikcə adları ilə əlaqələndirilən stereotiplərə uyğun dəyişə bilər. Tədqiqatçıların fikrincə, insanlar doğulduqları andan etibarən adlarına bağlı sosial gözləntilərin təsiri altında formalaşırlar.
Crossmedia.az xəbər verir ki, təcrübə zamanı uşaqlara və böyüklərə insanların üz şəkillərini onların adları ilə uyğunlaşdırmaq tapşırılıb. Həm uşaqlar, həm də böyüklər böyüklərin adlarını təsadüfdən daha yüksək dəqiqliklə təxmin edə biliblər. Lakin eyni nəticə uşaqlarda müşahidə olunmayıb. Bu isə göstərir ki, insanlar yaş artdıqca adlarına daha çox uyğun görünməyə başlayırlar.
Alimlər müəyyən ediblər ki, eyni adı daşıyan böyüklərin üz cizgiləri bir-birinə daha çox bənzəyir. Uşaqlarda isə belə oxşarlıq qeydə alınmayıb. Süni intellekt vasitəsilə uşaqların siması yaşlandırıldıqda da onların adlarına uyğunluğu artmayıb. Tədqiqat müəllifləri hesab edirlər ki, bu dəyişikliklər həyat boyu sosial gözləntilərin təsiri ilə, yəni "özünü doğruldan proqnoz" mexanizmi nəticəsində formalaşır.
Araşdırmanın müəllifi, doktor Yonat Tsvebner bildirib ki, sosial etiketlər və stereotiplər təkcə insanın davranışına deyil, hətta zahiri görünüşünə də təsir göstərə bilər. Onun sözlərinə görə, cəmiyyətin gözləntiləri insanın həm psixoloji, həm də fiziki inkişafında mühüm rol oynayır.
04:06 16.07.2026
Oxunuş sayı: 110