Şahzadə Harri və digər tanınmış simalar "Daily Mail"ə qarşı məhkəməni uduzub
Böyük Britaniya Ali Məhkəməsi Şahzadə Harri, müğənni Elton Con və aktrisa Elizabet Hörli də daxil olmaqla yeddi tanınmış şəxsin "Daily Mail" qəzetinin naşirinə qarşı qaldırdığı məxfiliyin pozulması iddiasını rədd edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, iddiaçılar "Daily Mail"in naşiri "Associated Newspapers Limited"i jurnalistlərin 20 ildən artıq müddətdə telefon dinləmələri, aldatma və digər qanunsuz üsullarla məlumat toplamaqla şəxsi həyatlarını pozmaqda ittiham ediblər.
Lakin hakim təqdim olunan sübutların iddiaları təsdiqləmək üçün kifayət etmədiyini bildirib. Məhkəmə qərarında şəxsi şübhələrin hüquqi baxımdan sübut kimi qəbul edilə bilməyəcəyi vurğulanıb.
Qərardan sonra "Associated Newspapers Limited" məhkəmə hökmünü alqışlasa da, işin hər iki tərəf üçün ciddi maliyyə xərclərinə səbəb olduğu qeyd edilir.
Bu arada Şahzadə Harri xeyriyyə tədbirlərində iştirak etmək üçün Londondadır. Məlumata görə, onun kral ailəsi ilə münasibətlərində gərginlik davam edir. Bildirilir ki, Bukinqem Sarayı vaxtında müraciət edilmədiyi üçün Harrinin sarayda qalmaq istəyini qəbul etməyib. Həmçinin onun ailəsinin polis mühafizəsi ilə bağlı fikir ayrılıqları səbəbindən ABŞ-da qaldığı qeyd olunur.
11:39 15.07.2026
Oxunuş sayı: 54