Uşaqları sakitləşdirən "sehirli ifadə" açıqlanıb
İki uşaq psixoloqu – Rebekka Veksner və Adina Çeşir – stress və ya isterika yaşayan uşağı ən tez sakitləşdirən ifadənin hansı olduğunu açıqlayıblar. Onların fikrincə, ən təsirli sözlər "elə indi" ifadəsidir. Bu söz uşağa yaşadığı çətin hisslərin müvəqqəti olduğunu və tezliklə keçəcəyini xatırladır.
Crossmedia.az xəbər verir ki, mütəxəssislər valideynlərə "Bilirəm ki, sən elə indi çox əsəbisən" və ya "Bu vəziyyət sənə elə indi çox ağır görünür" kimi cümlələrdən istifadə etməyi tövsiyə edirlər. Onların sözlərinə görə, bu yanaşma uşağın hisslərinin qəbul edildiyini göstərir və emosiyaların əbədi olmadığını anlamağa kömək edir.
Psixoloqlar bildirirlər ki, bu üsul əksər uşaqlarda təsirli olsa da, hər uşaq üçün eyni nəticəni verməyə bilər. Bununla yanaşı, onlar sakit və asta səslə danışmağı, uşağın göz səviyyəsinə enməyi, sadə tapşırıqlar verməyi (məsələn, "Üç qurtum su içək") və uşağın hisslərini "Görürəm ki, sənə çox çətindir" kimi ifadələrlə təsdiqləməyi məsləhət görürlər.
Mütəxəssislərin fikrincə, uşaq gərgin vəziyyətdə olarkən onu məntiqli arqumentlərlə inandırmağa çalışmaq düzgün deyil. Belə anlarda ən vacib olan uşağın hisslərini qəbul etmək və ona bu vəziyyətin müvəqqəti olduğunu hiss etdirməkdir.
05:06 16.07.2026
Oxunuş sayı: 98