Zelenski Paris paradında Aİ-nin ekoloji tələblərini pozub?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Parisdə keçirilən hərbi parad zamanı plastik butulkanın qapağını tam çıxarması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, "Bild" bu barədə məlumat yayıb.
Məlumata görə, Zelenski tədbir zamanı plastik butulkanın qapağını tam çıxarıb. Halbuki Avropa İttifaqının qüvvədə olan qaydalarına əsasən, həcmi 3 litrə qədər olan plastik içki butulkalarının qapaqları açıldıqdan sonra da butulkaya birləşik qalmalıdır.
Aİ-nin bu tələbi birdəfəlik plastik tullantıların azaldılması məqsədilə qəbul edilib. Qaydalara əsasən, istehsalçılar artıq ayrılan qapaqlı plastik butulkalar istehsal edə bilməzlər. Məqsəd qapaqların ətraf mühitə, xüsusilə də dəniz və okeanlara düşməsinin qarşısını almaqdır.
Bununla belə, sözügedən qayda əsasən istehsalçılar üçün nəzərdə tutulub və istehlakçının butulkanın qapağını sonradan qoparmasına görə hər hansı hüquqi sanksiya tətbiq edilmir. Buna görə də hadisə daha çox sosial şəbəkələrdə ekoloji qaydalara münasibət kontekstində müzakirə olunur.
10:51 15.07.2026
Oxunuş sayı: 48