Aİ-nin enerji təhlükəsizliyində Türkiyənin rolu artır
Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini gücləndirmək və Rusiya qazından asılılığı azaltmaq istiqamətində atdığı addımlar Türkiyənin strateji əhəmiyyətini daha da artırır. Yeni təhlilə görə, Ankara qitənin əsas enerji mərkəzlərindən birinə çevrilmək yolundadır.
Crossmedia.az xəbər verir ki, "National Interest" bu barədə təhlil dərc edib.
Nəşrin yazdığına görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Aİ-nin Rusiya qazından asılılığı azaltmaq, mayeləşdirilmiş təbii qazın (LNG) istifadəsini genişləndirmək və alternativ tədarük marşrutları tapmaq səyləri Türkiyə üçün yeni imkanlar yaradıb.
Təhlildə qeyd olunur ki, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdəki enerji istehsalçıları ilə Avropa bazarı arasında yerləşən Türkiyə boru kəmərləri, LNG terminalları, üzən qaz saxlama və yenidən qazlaşdırma qurğuları, yeraltı qaz anbarları, eləcə də Qara dənizdəki təbii qaz hasilatı sayəsində Avropanın yeni enerji qovşaqlarından birinə çevrilmək potensialına malikdir.
"National Interest" xatırladır ki, uzun illər Avropanın enerji təhlükəsizliyi əsasən sabit boru kəmərlərinə söykənib. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra isə Avropa ölkələri alternativ enerji mənbələrinə üstünlük verməyə başlayıb və LNG yeni enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Nəşrin qiymətləndirməsinə görə, Türkiyə də son on ildə yalnız boru kəmərlərinə arxalanmağın kifayət etməyəcəyini nəzərə alaraq LNG infrastrukturunu sürətlə genişləndirib. Ölkənin gündəlik yenidən qazlaşdırma gücü 2016-cı ildən əvvəlki təxminən 37 milyon kubmetrdən 2025-ci ildə 150 milyon kubmetrə yüksəlib. Bu isə Türkiyəyə dünya bazarlarından LNG yüklərini daha çevik şəkildə qəbul etmək imkanı verib.
"S&P Global Energy" məlumatına görə, Türkiyə 2024-cü ildə 9,17 milyon ton LNG idxal etdiyi halda, bu göstərici 2025-ci ildə 12,38 milyon tona çatıb. Beləliklə, ölkənin LNG idxalı bir il ərzində təxminən 35 faiz artıb.
Təhlildə qeyd edilir ki, Türkiyə idxalla yanaşı, daxili təbii qaz hasilatını da artırır. Bu strategiyanın əsasını Qara dənizdə yerləşən Sakarya qaz yatağı təşkil edir. Burada gündəlik hasilat 2025-ci ildə təxminən 9,5 milyon kubmetrə çatıb və yeni infrastrukturun istifadəyə verilməsi ilə bu göstəricinin 20 milyon kubmetrdən çox olması planlaşdırılır.
Bundan əlavə, 2025-ci ilin mayında Göktepe-3 quyusunda 75 milyard kubmetr həcmində yeni təbii qaz ehtiyatının aşkar edildiyi açıqlanıb. Təxminən 30 milyard dollar dəyərində qiymətləndirilən bu ehtiyatın Türkiyənin məişətdə təbii qaz tələbatını təxminən 3,5 il ödəyə biləcəyi bildirilir.
Təhlildə vurğulanır ki, Türkiyənin enerji mərkəzinə çevrilmək planı Şərqi Aralıq dənizindəki geosiyasi rəqabətə də təsir göstərir. Yunanıstan, Cənubi Kipr, Misir, İsrail və Türkiyənin müxtəlif enerji marşrutları uğrunda mübarizə apardığı bir vaxtda, LNG infrastrukturunun inkişafı ənənəvi boru kəməri layihələrinə daha çevik alternativ təqdim edir.
"National Interest" hesab edir ki, Türkiyənin eyni vaxtda LNG terminallarına, qitələrarası boru kəmərlərinə, Qara dənizdə təbii qaz hasilatına və əlverişli coğrafi mövqeyə malik olması Ankaraya Avropanın yeni enerji sistemində mühüm strateji üstünlük qazandırır.
10:34 15.07.2026
Oxunuş sayı: 45