Tramp Netanyahuya Suriya və Livandan qoşunların çıxarılmasını təklif edib
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrail ordusunun Suriyanın cənubundan və Livandan çıxarılmasının vacibliyini vurğulayıb. Vaşinqton hesab edir ki, bu ərazilərdə hərbi mövcudluq regional gərginliyi artırır.
Crossmedia.az xəbər verir ki, "The Times of Israel" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton və Qüdsdəki mənbələr Trampın Netanyahuya bu məsələ ilə bağlı açıq mövqe nümayiş etdirdiyini bildiriblər. ABŞ prezidenti Suriya ərazisində İsrail hərbi qüvvələrinin qalmasının nəzarətdən çıxan eskalasiyaya səbəb ola biləcəyini qeyd edib.
"Onlar sizin orada olmağınızı istəmirlər. Siz qüvvələrinizi başqa yerə yerləşdirməlisiniz", – Trampın Netanyahuya dediyi bildirilir.
Məlumata görə, ABŞ prezidentinin müraciəti təkcə Suriyaya deyil, Livandakı İsrail hərbi mövcudluğuna da şamil olunub.
Nəşr qeyd edir ki, Benyamin Netanyahu bu təkliflə razılaşmağa tələsməyib. O, İsrailin bütün sərhədləri boyunca təhlükəsizlik zonalarına ehtiyac duyduğunu bildirib və İsrail Müdafiə Qüvvələrinin (SAXAL) radikal qruplaşmaların qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.
Məqalədə bildirilir ki, ABŞ administrasiyası son aylarda İsrail və Suriya arasında təhlükəsizlik sazişinin əldə olunmasına çalışır. Lakin Ağ Ev hesab edir ki, Netanyahu bu razılaşmanın əsas şərtlərindən biri olan qoşunların çıxarılmasına hələ hazır deyil.
Ağ Ev telefon danışığının məzmunu ilə bağlı rəsmi açıqlama verməyib. Trampın nümayəndələri yalnız onun "sülh tərəfdarı" olduğunu və İsrailin baş naziri ilə yaxın şəxsi münasibətlərə malik olduğunu xatırladıblar.
Nəşr xatırladır ki, ABŞ-nin vasitəçiliyi ilə iyunun 19-da İsrail və Livan arasında atəşkəs əldə olunsa da, sərhəd bölgəsində gərginlik davam edir. Bu yaxınlarda Benyamin Netanyahu İsrail rəsmiləri ilə birlikdə Livanın cənubunda yerləşən İsrail hərbçilərinə baş çəkib.
10:23 15.07.2026
Oxunuş sayı: 51