KİV: Müharibə Putinə iqtisadi və siyasi təzyiqi artırır
Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibə Prezident Vladimir Putinin üzərində iqtisadi, hərbi və siyasi təzyiqi getdikcə artırır.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Nəşrin təhlilinə görə, müharibənin təsirləri artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır. Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi zərbələr Rusiyanın dərinliklərinə çataraq neft emalı müəssisələrinin fəaliyyətini, yanacaq təchizatını və mülki əhalinin gündəlik həyatını pozur.
"Bloomberg"in Rusiya regionlarının rəsmi məlumatları əsasında apardığı təhlilə əsasən, 2026-cı ildə ölkə əhalisinin 70 faizindən çoxunun yaşadığı regionların yarıdan çoxunda azı bir dəfə hava həyəcanı elan edilib. Nəşr bunu Ukraynanın uzaqmənzilli zərbə imkanlarının əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirir.
Məqalədə qeyd olunur ki, Rusiya hərbi rəhbərliyi Ukraynanın hücumlarından müdafiənin getdikcə çətinləşdiyini etiraf edir.
Nəşrin məlumatına görə, Ukrayna Rusiyanın yanacaq infrastrukturuna zərbələri də görünməmiş səviyyəyə çatdırıb. Eyni obyektlərə təkrar hücumlar edilməsinin məqsədi onların tez bərpasının qarşısını almaqdır.
Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, Rusiyada xam neft emalının həcmi 2025-ci ilin iyununda gündəlik 5,4 milyon bareldən 2026-cı ilin iyununda 3,8 milyon barelə enib.
Bildirilir ki, ölkənin bir çox bölgəsində yanacaq qıtlığı yaranıb, təchizat məhdudlaşdırılıb və benzinin qiymətləri sürətlə bahalaşıb. Bu vəziyyət sürücülərin yanacaqdoldurma məntəqələrində uzun növbələr gözləməsinə, qeyri-qanuni yanacaq bazarının isə genişlənməsinə səbəb olub.
Nəşr vurğulayır ki, sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində yanacağın bahalaşması Kremlin qarşısında həssas məsələlərdən birinə çevrilib.
"Bloomberg" həmçinin yazır ki, Rusiyanın iqtisadi artımı bu il demək olar ki, dayanıb. Hərbi istehsal genişlənsə də, mülki sənaye sahələrinin əksəriyyətində istehsal və investisiyalar azalır. Yüksək hərbi xərclər inflyasiya təzyiqini artırdığı üçün Rusiya Mərkəzi Bankı yüksək faiz dərəcələrini saxlamağa məcbur qalır.
Məqalədə qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampla 2025-ci ilin avqustunda Ankoricdə keçirilən görüşdən sonra Kreml Vaşinqtonun Kiyevi güzəştlərə sövq edəcəyinə ümid etsə də, bu baş verməyib. Nəticədə Moskva üçün əlverişli sülh razılaşması perspektivləri zəifləyib.
Nəşr ictimai rəy sorğularına da diqqət çəkir. Bildirilir ki, "VTsİOM" mərkəzinin məlumatına əsasən, iyulun 10-dək olan iki həftə ərzində Vladimir Putinə etimad səviyyəsi 4,4 faiz bəndi azalaraq 72,3 faizə düşüb.
Eyni zamanda, "Levada Mərkəzi"nin iyun sorğusuna görə, Putinin fəaliyyətinin bəyənilmə reytinqi 5 faiz bəndi azalaraq 74 faizə enib. Ölkənin düzgün istiqamətdə inkişaf etdiyini düşünənlərin payı isə 61 faizdən 52 faizə düşüb. Nəşr bunu Ukraynanın pilotsuz uçuş aparatları və raket hücumlarının, həmçinin təhlükəsizlik məqsədilə tətbiq olunan mobil internet məhdudiyyətlərinin və digər tədbirlərin rusiyalıların gündəlik həyatına təsirinin artması ilə əlaqələndirir.
09:46 15.07.2026
Oxunuş sayı: 63