15 İyul dövlət çevrilişi cəhdindən 10 il ötür - Həmin gecə nələr yaşandı
FETÖ üzvlərinin 15 iyul 2016-cı ildə Türkiyədə həyata keçirməyə cəhd etdiyi hərbi çevrilişin üzərindən 10 il keçir.
Crossmedia.az xəbər verir ki, "Anadolu Agentliyi" bu barədə geniş məlumat yayıb.
Dini hərəkat görüntüsü altında illər ərzində dövlət qurumlarına, xüsusilə Türk Silahlı Qüvvələrinə sızan təşkilat daha əvvəl MİT rəhbərliyinə qarşı əməliyyat cəhdləri, 17-25 dekabr prosesi və MİT-ə məxsus yük maşınlarının saxlanılması kimi hadisələrdə də iştirak etmişdi.
2015-ci il parlament seçkilərindən sonra hökumətin Yüksək Hərbi Şuranın qərarları ilə təşkilat üzvlərini ordudan uzaqlaşdırmağa hazırlaşdığını anlayan FETÖ çevriliş planını sürətləndirdi.
İstintaq materiallarına görə, təşkilatın rəhbəri Fətullah Gülən 19 mart 2016-cı ildə etdiyi çıxışda təşkilat üzvlərinə gizli mesaj göndərib. Sonrakı aylarda çevriliş planı hazırlanıb, iyulun əvvəlində Ankarada keçirilən gizli toplantılarda son hazırlıqlar tamamlanıb. Plan əvvəlcə 16 iyul saat 03:00-a nəzərdə tutulsa da, planın ifşa olunacağı ehtimalı səbəbindən 15 iyul axşam saatlarına keçirilib.
Çevriliş cəhdi zamanı o vaxtki Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar girov götürülüb, Türkiyə Böyük Millət Məclisi, Prezident Kompleksi, polis idarələri və digər strateji obyektlər bombardman edilib. Ankara və İstanbulda tanklar küçələrə çıxarılıb, hərbi təyyarələrdən dinc əhaliyə və dövlət binalarına zərbələr endirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa küçələrə çıxmaq çağırışından sonra minlərlə insan meydanlara axışaraq çevrilişə qarşı müqavimət göstərib. Polis qüvvələri və çevrilişə qoşulmayan hərbçilərin əməliyyatları nəticəsində qiyamçılar tədricən zərərsizləşdirilib.
İyulun 16-da səhər saatlarında Boğaziçi körpüsündəki hərbçilər təslim olub, Baş Qərargah rəisi Hulusi Akar Akıncı bazasından xilas edilib. Baş nazir Binəli Yıldırım, Milli müdafiə naziri Fikri İşık və Hulusi Akarın iştirakı ilə keçirilən mətbuat konfransında çevriliş cəhdinin tamamilə yatırıldığı elan olunub.
Rəsmi məlumatlara əsasən, hadisələr zamanı 251 nəfər həyatını itirib, 2 mindən çox insan yaralanıb. Çevriliş cəhdində təxminən 9 min hərbçi, 35 hərbi təyyarə, 37 helikopter, 74 tank olmaqla 246 zirehli texnika və minlərlə atıcı silahdan istifadə olunub.
Hadisələrdən sonra Türkiyədə genişmiqyaslı istintaq başladılıb, minlərlə FETÖ üzvü saxlanılıb və təşkilat terror təşkilatı elan edilib.
Çevriliş cəhdinin təşkilatçısı hesab olunan FETÖ rəhbəri Fətullah Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayırdı və Türkiyənin onun ekstradisiyası ilə bağlı çoxsaylı müraciətlərinə baxmayaraq ABŞ tərəfindən təhvil verilməmişdi. Rəsmi məlumatlara görə, Gülən 20 oktyabr 2024-cü ildə Pensilvaniya ştatındakı St. Luke's Hospital Monroe Campus xəstəxanasında vəfat edib. Onun ölümü ABŞ Dövlət Departamentinin Türkiyə tərəfinə təqdim etdiyi rəsmi sənədlə təsdiqlənib.
09:22 15.07.2026
Oxunuş sayı: 59