KİV: Çin Rusiyada Putindən sonrakı dövrə hazırlaşır
Çin Rusiyada hakimiyyət dəyişikliyi ehtimalını nəzərə alaraq təkcə Kreml deyil, gələcəkdə ölkənin siyasi kursuna təsir göstərə biləcək şəxslərlə də əlaqələri gücləndirir.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Pekin Rusiya rəsmiləri və siyasi elitasının müxtəlif nümayəndələri ilə münasibətləri genişləndirir. Məqsəd Vladimir Putindən sonrakı dövrdə də Moskva ilə təsir imkanlarını qorumaqdır.
Məlumata əsasən, Rusiyada son dövrlər Çin kəşfiyyatının fəaliyyəti və orta səviyyəli məmurların əməkdaşlığa cəlb edilməsi halları daha tez-tez aşkarlanır. Bununla belə, Moskva Pekinlə münasibətlərə zərər verməmək üçün bu məsələləri ictimai müstəviyə çıxarmamağa çalışır.
"The Wall Street Journal" qeyd edir ki, Çin tədricən Rusiyanı özündən daha asılı tərəfdaşa çevirir. Bildirilir ki, Pekin Mərkəzi Asiyada mövqelərini gücləndirib və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bankının yaradılması məsələsində Moskvadan güzəştlər əldə edib. Nəşrin iddiasına görə, həmin bankda əsas rolun Çin yuanına verilməsi planlaşdırılır.
Məqalədə iddia olunur ki, uzunmüddətli perspektivdə Rusiya hakimiyyət dəyişikliyindən sonra da Çin üçün əsasən xammal və siyasi baxımdan asılı tərəfdaşa çevrilə bilər.
Qeyd edək ki, bu məlumatlar "The Wall Street Journal"ın məqaləsində yer alan qiymətləndirmələrdir. Çin və Rusiya rəsmiləri mövzu ilə bağlı belə bir ssenarini rəsmi şəkildə təsdiqləməyiblər.
17:06 14.07.2026
Oxunuş sayı: 46