İstanbul Hava Limanında sərnişinlər üçün terapiya itləri xidmətə başlayıb
İstanbul Hava Limanında uçuşdan əvvəl həyəcan və stress yaşayan sərnişinlərə dəstək olmaq məqsədilə terapiya itləri xidməti istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, layihənin məqsədi sərnişinlərin narahatlığını azaltmaq və uçuşdan əvvəl daha rahat hiss etmələrinə kömək etməkdir. Sərnişinlərdən Anastasiya Podmazova bildirib ki, Kuki adlı terapiya iti ilə ünsiyyət ona sakitləşməyə kömək edib və bu xidməti yüksək qiymətləndirib.
Hava limanının müştəri təcrübəsi üzrə meneceri Abdulkadir Dəmirtaşın sözlərinə görə, insanlarla heyvanlar arasındakı qarşılıqlı ünsiyyətin stressi azaltdığı elmi araşdırmalarla sübut olunub. O qeyd edib ki, layihəyə göstərilən böyük maraq səbəbindən terapiya itlərinin sayının 5-dən 10-a çatdırılması nəzərdən keçirilir.
İtlərin təlimçisi Murat Cengiz Koca isə bildirib ki, layihədə iştirak edən itlər xüsusi hazırlıq keçiblər və yüksək səs-küyə, insan sıxlığına və digər xarici təsirlərə sakit reaksiya vermələri üçün öyrədiliblər. Bu xüsusiyyətlər onları hava limanında terapiya xidməti üçün uyğun edir.
01:43 15.07.2026
Oxunuş sayı: 50