127 manatlıq dönər qalmaqalı: Araşdırma başladıldı
Türkiyənin Ticarət Nazirliyi İstanbulun Kapalıçarşısında fəaliyyət göstərən bir restoranda dönərin 3 min lirəyə (təxminən 127 manat) satılması ilə bağlı yayılan məlumatlardan sonra araşdırmaya başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Ticarət Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Bekir Kaplan bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra İstanbul Ticarət İl Müdirliyi və Fatih Bələdiyyəsinin zabitə əməkdaşları tərəfindən obyektdə yoxlama aparılıb.
Yoxlama zamanı müəyyən edilib ki, restoranda 100 qram dönər 600 lirəyə (təxminən 25 manat) satılır.
Haqsız qiymət artımı ilə bağlı 4 məhsul üzrə protokol tərtib olunub və materiallar baxılması üçün Haqsız Qiymət Artımının Qiymətləndirilməsi Şurasına göndərilib.
Bundan əlavə, yoxlama zamanı müəssisədə satılan 12 məhsulun qiymət etiketlərində Qiymət Etiketi Qaydalarına zidd olaraq santilitr (cl) və millilitr (ml) göstəricilərinin qeyd edilmədiyi aşkarlanıb.
Bu pozuntuya görə müəssisə barəsində inzibati cərimə tətbiq edilib.
Bekir Kaplan vurğulayıb ki, Türkiyənin Ticarət Nazirliyi istehlakçı hüquqlarının qorunması, haqsız qiymət artımlarının qarşısının alınması və ədalətli ticarət mühitinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirəcək.
14:41 14.07.2026
Oxunuş sayı: 57