Türkiyədə isti hava dalğası ilə bağlı əhaliyə kritik xəbərdarlıq edilib
Avropanı bürüyən isti hava dalğasının yaxın günlərdə Türkiyəyə də çatacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyə Səhiyyə Nazirliyi İqlim Dəyişikliyi və Sağlamlıq Elmi Məsləhət Şurası, eləcə də Xroniki Xəstəliklər Proqramları üzrə Məsləhət Şurası ilə birlikdə isti hava dalğası zamanı görülməli tədbirlərlə bağlı bütün vilayətlərə rəsmi göstəriş göndərib.
Sənəddə riskli temperatur, nisbi rütubət və ultrabənövşəyi (UV) indeks göstəricilərinə dair cədvəllər təqdim olunub, həm fərdi, həm də institusional səviyyədə görülməsi tövsiyə edilən tədbirlər sadalanıb.
Nazirlik dövlət və özəl müəssisələrə qapalı məkanların temperaturunun nəzarətdə saxlanılması və mütəmadi havalandırılması, kifayət qədər içməli su təmin edilməsi, kölgəlik və istirahət zonalarının yaradılması, əməkdaşlara isti hava ilə əlaqədar yarana biləcək sağlamlıq problemləri üzrə ilk yardım təlimlərinin keçirilməsini tövsiyə edib.
Eyni zamanda, qocalar və baxım evlərində yaşayan yüksək risk qrupuna daxil olan şəxslərin xüsusi nəzarətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Yerli özünüidarəetmə orqanlarına isə əhali üçün ictimai sərinləmə məkanlarının yaradılması və bu barədə vətəndaşların vaxtında məlumatlandırılması tövsiyə olunub.
16:45 14.07.2026
Oxunuş sayı: 42