Hindistan alimləri insan beyin kötüyünün ən detallı 3D atlasını hazırlayıblar
Hindistanlı alimlər insan beyin kötüyünün dünyada indiyədək hazırlanmış ən detallı üçölçülü atlasını yaradıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Hindistanın Sudha Gopalakrishnan Beyin Mərkəzinin (SGBC) tədqiqatçıları "ANCHOR" adlı layihə çərçivəsində insan beyin kötüyünün neyrokimyəvi xarakteristikasını əks etdirən üçölçülü atlas hazırlayıblar.
Layihədə iştirak edən 20 alim 18 ay ərzində beynin 200-dən çox kəsiyini tədqiq edib. Tədqiqat zamanı maqnit-rezonans tomoqrafiyası (MRT) görüntüləri mikroskopik anatomiya və 3D rekonstruksiya texnologiyası ilə birləşdirilərək vahid rəqəmsal atlas yaradılıb.
Atlasın hazırlanması üçün döl, uşaq və böyüklərə aid 500-dən çox beyin toxuması nümunəsindən istifadə olunub. Rəqəmsal platforma vasitəsilə 200-dən çox beyin hüceyrəsi qrupu və sinir yolu ətraflı şəkildə öyrənilə bilir.
Alimlərin fikrincə, beyni onurğa beyni ilə birləşdirən və tənəffüs, ürək fəaliyyəti, yuxu, ayıqlıq və hərəkət kimi həyati funksiyaları idarə edən beyin kötüyünün daha dərindən öyrənilməsi Alzheimer, Parkinson xəstəliyi və insult kimi nevroloji xəstəliklərin daha yaxşı başa düşülməsinə kömək edə bilər.
Tədqiqatın nəticələri "BioRxiv" elmi platformasında dərc olunub.
17:57 14.07.2026
Oxunuş sayı: 49