"Volkswagen" 100 minədək əməkdaşını ixtisar edə bilər
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" artan xərclər və güclənən rəqabət fonunda dünya üzrə 100 minədək iş yerinin ixtisarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Şirkətin baş icraçı direktoru Oliver Blume əməkdaşlara göndərdiyi daxili məktubda bildirib ki, xərclərin azaldılması məqsədilə əlavə 50 min iş yerinin ixtisarı nəzəri baxımdan gündəmdədir.
Blume xatırladıb ki, "Porsche" və "Audi" də daxil olmaqla, qrupun müxtəlif şirkətlərində artıq təxminən 50 min nəfərin işdən çıxarılması ilə bağlı razılıq əldə olunub.
Onun sözlərinə görə, "Volkswagen" rəqibləri ilə müqayisədə təxminən 20 faizlik xərc dezavantajına malikdir və bu fərqin aradan qaldırılması üçün əlavə struktur dəyişiklikləri zəruridir.
Şirkət rəhbəri hazırda bütün markalar, müəssisələr və regionlar üzrə hansı həcmdə ixtisarların zəruri və mümkün olduğunu qiymətləndirdiklərini vurğulayıb.
Məlumata görə, yenidənqurma planı çərçivəsində Almaniyadakı Emden, Hannover, Zvikkau və Nekkarzulm zavodlarının gələcəyi də qeyri-müəyyən olaraq qalır. Bununla belə, Oliver Blume zavodların bağlanmasındansa, alternativ həll yollarına üstünlük verdiyini bildirib.
Şirkət isə Müşahidə Şurasının iclasından sonra yayımladığı rəsmi açıqlamada işdən çıxarmalar və ya zavodların bağlanması ilə bağlı konkret qərar elan etməyib. Bunun əvəzinə istehsal gücünün azaldılması və model çeşidinin mərhələli şəkildə iki dəfə ixtisar edilməsi planlarını açıqlayıb.
00:22 15.07.2026
Oxunuş sayı: 64