Arxiv sənədləri üzə çıxdı: Atatarkün tarixi zəfəri Cənubi Qafqazda nələri dəyişib?
Rusiya arxivlərindən üzə çıxarılan yeni sənədlər göstərir ki, Milli Mübarizə dövründə Moskvanın Mustafa Kamal Paşaya verdiyi dəstək ideoloji yaxınlıqdan deyil, Sovet Rusiyasının strateji maraqlarından irəli gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Dosent Telli Axundova Qorxmazın hazırladığı "Rusiya arxivlərində Mustafa Kamal Paşa və Türkiyə (1918–1922)" adlı araşdırmada yer alan sənədlər Ankara ilə Moskva arasında münasibətlərin indiyədək təqdim ediləndən daha mürəkkəb olduğunu ortaya qoyur.
Araşdırmaya əsasən, Sovet rəhbərliyi Mustafa Kamal Paşanın Anadoluda başlatdığı hərəkatı yalnız Türkiyənin azadlıq mübarizəsi kimi deyil, həm də Qərb imperializminə qarşı öz təhlükəsizliyi üçün mühüm amil hesab edib.
Sənədlərdə qeyd olunur ki, Moskva Mustafa Kamalı kommunist lider kimi qiymətləndirməyib. Əksinə, onun milli xətt üzrə hərəkət etdiyi qəbul olunub və Ankaranın ayaqda qalmasının Sovet Rusiyasının maraqları baxımından vacib olduğu vurğulanıb.
Arxiv materiallarında Sovet Rusiyasının Ankaraya maliyyə və silah yardımının da ideoloji deyil, strateji məqsədlər daşıdığı bildirilir. Xüsusilə Sovet Xarici İşlər Xalq Komissarı Georgi Çiçerinin 1920-ci il sentyabrın 27-də Vladimir Leninə göndərdiyi məktubda Kemalist qüvvələrin silah çatışmazlığı səbəbindən çətin vəziyyətdə olduğu qeyd edilir. Çiçerin xəbərdarlıq edir ki, Ankaranın məğlubiyyəti təkcə Milli Mübarizənin süqutu deyil, həm də Qafqazda Sovet maraqlarına ciddi təhlükə yarada bilər.
Sənədlərdə vurğulanır ki, Moskva üçün əsas məqsəd Türkiyədə kommunist rejimi qurmaq yox, Anadoluda Qərb imperializminə qarşı güclü müqavimət mərkəzinin qorunması olub.
Araşdırmada Ankara hökumətinin də Sovet Rusiyası ilə münasibətlərdə ehtiyatlı siyasət yürütməsi diqqətə çatdırılır. Sənədlərə əsasən, Mustafa Kamal Paşa bolşeviklərlə əməkdaşlığı Milli Mübarizənin uğuru üçün zəruri hesab etsə də, kommunizmin Türkiyədə yayılmasına imkan verməmək prinsipinə sadiq qalıb.
Rusiya arxivlərində yer alan məlumatlara görə, Sovet Rusiyasının Ankaradakı səfiri Semyon Aralov Leninin Mustafa Kamal haqqında fikirlərini də qeyd edib. Leninin onu sosialist deyil, bacarıqlı təşkilatçı, ağıllı və mütərəqqi dövlət xadimi kimi qiymətləndirdiyi bildirilir.
Arxiv sənədlərində Sovet rəhbərliyinin Türkiyədə gələcəkdə respublika quruluşunun yaradılacağını əvvəlcədən proqnozlaşdırdığı da əks olunub. Bununla yanaşı, Moskva zaman keçdikcə Kemalizmin Azərbaycan, Dağıstan, Şimali Qafqaz və Orta Asiyadakı türk-müsəlman xalqları arasında təsir imkanlarının artmasından narahatlıq keçirməyə başlayıb.
Sənədlərdə 1920-ci ilin dekabrına aid yazışmalarda qeyd olunur ki, Ankara və Moskva bir-birinin niyyətlərini yaxşı anlayırdı və tərəfləri yalnız ortaq maraqlar birləşdirirdi. Həmçinin Mustafa Kamalın yaratdığı Türkiyə Kommunist Partiyası Sovet sənədlərində "uydurma təşkilat" kimi xarakterizə olunur.
13:19 14.07.2026
Oxunuş sayı: 49