Ukrayna Təhlükəsizlik Xidməti dünyanın ən təsirli gizli təşkilatlarından birinə çevrilib
Böyük Britaniyanın "The Telegraph" nəşri yazır ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr və yüksək rütbəli hərbçilərə qarşı həyata keçirdiyi əməliyyatlar müasir casus trillerlərini xatırladır.
Crossmedia.az xəbər verir ki, bu fikirlər qəzetdə dərc olunan britaniyalı keçmiş hərbçi Hamiş de Bretton-Qordonun məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, dörd ildən artıq müddətdə həyata keçirilən innovativ və cəsarətli əməliyyatlar nəticəsində SBU dünyanın ən effektiv xüsusi xidmət orqanlarından birinə çevrilib və bu, müharibədə qüvvələr balansının Ukraynanın xeyrinə dəyişməsinə kömək edib.
Məqalədə bildirilir ki, Monakoda Ukraynanın Rusiya ilə əməkdaşlıqda ittiham etdiyi ukraynalı iş adamı Vadim Yermolayevin ağır yaralanması ilə nəticələnən partlayışla bağlı xəbərlər SBU-nun fəaliyyət coğrafiyası barədə suallar doğurub. Müəllifin fikrincə, əgər bu hadisənin arxasında həqiqətən Ukrayna dayanırsa, verilən mesaj aydındır – Rusiyanın hərbi fəaliyyətinə dəstək verən şəxslər dünyanın heç bir yerində özlərini tam təhlükəsiz hiss edə bilməzlər.
De Bretton-Qordon yazır ki, belə əməliyyatların psixoloji təsiri maddi zərərdən daha böyük ola bilər. Onun sözlərinə görə, hər bir rusiyalı general, kəşfiyyatçı, silah istehsalçısı və ya Moskva ilə əməkdaşlıq edən şəxs artıq daim izlənildiyini düşünmək məcburiyyətində qalır.
Müəllif hesab edir ki, qorxu və qeyri-müəyyənlik kəşfiyyat müharibəsində ən təsirli silahlardan biridir. O vurğulayır ki, bu vəziyyət rəqibin qərarvermə prosesini zəiflədir və onu öz təhlükəsizliyinə əlavə resurslar sərf etməyə məcbur edir.
Məqalədə SBU-nun sovet xüsusi xidmət orqanlarının sərt metodlarını, İsrailin "Mossad" xidmətinə xas dəqiqliyi və Qərb xüsusi xidmət orqanlarının müasir texnologiyalarını özündə birləşdirən hibrid quruma çevrildiyi qeyd olunur.
12:51 14.07.2026
Oxunuş sayı: 53