ABŞ-dən xəbərdarlıq: Suverenliyimizə toxunsanız, cavab verəcəyik
ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ABŞ-nin suverenliyinə qarşı addımlar atmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rubionun sözlərinə görə, BCM seçilməmiş qlobalist bürokratlardan ibarət qlobal tribunaldır və öz səlahiyyətlərinin məhdudiyyətsiz olduğunu iddia edir.
ABŞ dövlət katibi bildirib ki, məhkəmə ABŞ-nin müstəqilliyinə qarşı yeni addımlar atmağı planlaşdırır. Onun iddiasına görə, BCM miqrasiya xidmətlərinin əməkdaşlarını, ABŞ ordusunun hərbçilərini və digər şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə çalışa bilər.
“Əgər biz hərəkətsiz qalsaq, bütün bu insanlar öz ölkələrini müdafiə etdiklərinə görə minlərlə kilometr uzaqda yerləşən xarici hakimlərin qərarlarından asılı vəziyyətə düşə, məhkəmə təqibi və hətta həbs riski ilə üzləşə bilərlər”, – deyə Rubio bildirib.
O qeyd edib ki, ABŞ hökuməti BCM-in ölkə vətəndaşlarını təhdid etməsinə sakit qalmayacaq.
“Əgər onlar bizim suverenliyimizi əlimizdən alacaqlarını düşünürlərsə, biz onlara Amerikanın qətiyyətinin nə olduğunu göstərəcəyik”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Rubio Ağ Evin və ya ABŞ Dövlət Departamentinin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hansı konkret tədbirləri planlaşdırdığını açıqlamayıb.
22:00 13.07.2026
Oxunuş sayı: 57