Aİ Çin onlayn mağazalarına qarşı yeni rüsum tətbiq edib
Avropa İttifaqı Çindən göndərilən aşağı dəyərli onlayn sifarişlər üçün 3 avro məbləğində yeni rüsum tətbiq edib.
Crossmedia.az xəbər verir ki, qərar əsasən Shein, Temu və AliExpress kimi iri elektron ticarət platformalarını əhatə edir.
İndiyədək dəyəri 150 avrodan aşağı olan mallar uzun müddət qüvvədə olan güzəşt əsasında Aİ-yə gömrük rüsumu ödənilmədən daxil olurdu. Lakin Avropa siyasətçiləri və yerli pərakəndə satış şirkətləri bu sistemin ədalətsiz rəqabət yaratdığını bildirirdilər.
Məlumata görə, güzəştdən istifadə edən bağlamaların sayı 2025-ci ildə 1,4 milyarddan 5,8 milyarda yüksəlib. Aİ qanunvericiləri hesab edirlər ki, bu mexanizm sənaye miqyasında sui-istifadəyə məruz qalıb və Çin şirkətlərinə Avropa bazarında ciddi üstünlük qazandırıb.
Yeni qaydalara əsasən, rüsum bağlamadakı məhsul kateqoriyalarına görə hesablanacaq. Məsələn, üç fərqli məhsul növü olan bir bağlama üçün ümumilikdə 9 avro ödəniş tutulacaq.
Qeyd olunur ki, bu addım ABŞ-nin bu ilin əvvəlində aşağı dəyərli idxal malları üçün gömrük güzəştlərini tamamilə ləğv etməsindən sonra atılıb. Məqsəd daxili bazarı və yerli istehsalçıları qorumaqdır.
00:34 14.07.2026
Oxunuş sayı: 73