Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin iyunun 25-28-də Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 45-ci iclasının xüsusi sessiyasında videoformatda iştirak edib.
Partiyadan Crossmedia.az-a bildirilib ki, 17 ölkədən 22 aparıcı siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində Monqolustan Xalq Partiyasının baş katibi Sodbator Yanquq və ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq çıxış ediblər.
Konfransın baş katibi Oh Sonq təşkilatın fəaliyyətinə dair cari məsələlər barədə məruzə ilə çıxış edib. Sonra gələcək iş planı ətrafında fikir mübadiləsi aparılıb.
ICAPP Daimi Komitəsinin “Rəqəmsal dövrdə Asiya transformasiyası: süni intellektin yaratdığı çağırışlar” mövzusuna həsr olunmuş xüsusi sessiyası keçirilib.
Sessiyaya videoformatda qatılan YAP Sədrinin müavini Tahir Budaqov bildirib ki, rəqəmsal inkişaf və süni intellektin yaratdığı çağırışlara həsr olunan müzakirələr bu sahədə səmərəli fikir və təcrübə mübadiləsinə, adekvat tədbirlərin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.
Qeyd olunub ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, elektron xidmətlərin və süni intellekt texnologiyalarının tətbiqini genişləndirir. Bu məqsədlə yaradılan AZCON və onun tərkibində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi innovativ həllərin hazırlanmasına, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və süni intellektin müxtəlif sahələrdə tətbiqinə dəstək verir.
YAP Sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkədə süni intellekt ekosisteminin inkişafı, innovasiyaların təşviqi, elmi tədqiqatların genişləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur. Strategiyanın icrası çərçivəsində Süni İntellekt Akademiyası yaradılıb, ali təhsil müəssisələrində isə bu sahə üzrə ixtisaslaşmış proqramlar genişləndirilir.
Vurğulanıb ki, Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqi ilə yanaşı, kibertəhlükəsizliyin gücləndirilməsi, hüquqi tənzimləmənin təkmilləşdirilməsi və etik prinsiplərin qorunması istiqamətində də ardıcıl addımlar atılır. Süni intellekt sahəsində məlumat təhlükəsizliyi, etik standartlar və rəqəmsal idarəetmə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi qlobal əhəmiyyət daşıyır.
T.Budaqov diqqətə çatdırıb ki, süni intellekt və rəqəmsal transformasiya siyasi partiyalar qarşısında da yeni vəzifələr müəyyən edir. Yeni Azərbaycan Partiyası da süni intellektin tətbiqi imkanlarını öyrənir və bu istiqamətdə müzakirələrin genişləndirilməsinə xüsusi önəm verir.
Müzakirələrdə rəqəmsal transformasiya və süni intellektin qlobal inkişaf üçün yeni imkanlar yaratdığı, eyni zamanda, bu texnologiyaların doğurduğu təhlükəsizlik çağırışlarına qarşı beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
12:52 30.06.2026
Oxunuş sayı: 44