Qərbi Azərbaycana qayıdış artıq Ermənistanın da əsas müzakirə mövzusuna çevrilib - Əziz Ələkbərli
Qərbi Azərbaycan məsələsi son illər Azərbaycanın xarici siyasət gündəliyində və beynəlxalq müstəvidə ən çox diqqət çəkən istiqamətlərdən birinə çevrilib. Qərbi Azərbaycan İcmasının fəaliyyəti təkcə tarixi həqiqətlərin və deportasiya faktlarının dünya ictimaiyyətinə çatdırılması ilə məhdudlaşmır, eyni zamanda soydaşlarımızın doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində müdafiəsinə yönəlib. Bu istiqamətdə keçirilən beynəlxalq konfranslar, müxtəlif ölkələrin siyasi dairələrində aparılan müzakirələr və diplomatik təşəbbüslər göstərir ki, Qərbi Azərbaycan mövzusu artıq regional deyil, beynəlxalq müzakirə predmetinə çevrilməkdədir. Son günlər Prezidentin köməkçisi Hikmət Hacıyevin Dilican şəhərində keçirdiyi görüş, eləcə də ABŞ Konqresində Qərbi Azərbaycan mövzusunun müzakirəyə çıxarılması bu prosesin yeni mərhələyə keçdiyi barədə fikirləri daha da gücləndirib. Bu hadisələr fonunda cəmiyyətdə də bir sual daha çox səslənir: doğma torpaqlara qayıdış hədəfi artıq nə qədər yaxındır və bu istiqamətdə növbəti mərhələdə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Crossmedia.az-a açıqlama verib:
“Zaman-zaman ermənilər tərəfindən Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulmuş soydaşlarımızın geriyə qayıdış məsələsi onların beynəlxalq hüquqa söykənən təməl hüququdur. Bu məsələ heç vaxt gündəmdən çıxmayıb, çıxmayacaq da. Onların bu haqqının təmin edilməməsi zülmə və zülmkara, işğala və işğalçılara, ədalətsizliyə və ədalətsizlərə haqq qazandırmaq olardı. Bu da heç vaxt olmayacaq. Tarixi ədalət mütləq zəfər çalacaq və biz öz doğma evlərimizə, yurdlarımıza qayıdacağıq. Bu, “Siz hələ doğma Göyçə mahalına da qayıdacaqsınız”, - deyən Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyətidir. “Qərbi azərbaycanlılar da mütləq öz doğma yurdlarına qayıdacaqlar”, - deyən cənab Prezident İlham Əliyevin bizə tapşırığıdır. Biz o torpaqlara qayıtmasaq, orada sahibsiz qalan məzarlarımız bizi bağışlamaz, dağlarımız, meşələrimiz, çaylarımız bizi bağışlamaz, Yurd həsrəti ilə dünyadan köçən analarımızın göz yaşları, atalarımızın həsrət baxışları bizi bağışlamaz. Bu gün biz onları ürəyimizin başında gəzdiririk”.

Ə.Ələkbərli əlavə edib ki, Qərbi Azərbaycan İcması hələ fəaliyyətinin başlanğıcındadır: “Son vaxtlar tədbirlərimizin intensivləşməsi, iclas zallarından, məktəb binalarından, universitet auditoriyalarından çıxıb daha geniş ərazilərə yayılması, festivallara çevrilməsi, nəhayət, xarici ölkələrə, ABŞ-nin Konqres binasına qədər daşınması Böyük Qayıdışın ayaq səslərinin daha da yaxınlaşmasının əlamətidir. Erməni bunu anlamalıdır. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hərəkatı bugünkü Ermənistanın sərhədlərini artıq çoxdan aşıb. Hansı erməni mediasını izləsəniz, orada bu Qayıdışın mövzusunun gündəmdə olduğunu görərsiniz. Ermənistan parlamenti, Ermənistanın ictima-siyasi həyatı bizim geriyə Qayıdışımızın müzakirə meydanına çevrilib. Ermənistanda bu Qayıdışa inananların sayı da günbəgün artmaqdadır. Əlbəttə, Azərbaycan dövləti bu gün regionda və dünyada güc sahibidir və daha da güclənməlidir, hər kəs də dövlətimizin daha da güclənməsinə xidmət etməlidir. Azərbaycan nə qədər güclü dövlət olacaqsa, biz də tarixi torpaqlarımıza qayıdışa bir o qədər yaxınlaşmış olacağıq.Qərbi Azərbaycan İcması olaraq şüarımız dəyişməzdir: BİZ QAYIDACAĞIQ!”
Ayhan
11:00 30.06.2026
Oxunuş sayı: 65