Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi Bakı Kristal Zalında baş tutub.
Crossmedia.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər.
İştirakçı komandalar təntənəli şəkildə tribunaya daxil olublar. Belə ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Olimpiadanın ideyasını əks etdirən qısametrajlı səhnəcik nümayiş olunub. Səhnəcikdə insanları idmana təşviq edən, qəhrəmanlıq, vətənpərvərlik və çempionluq ruhunu aşılayan məqamlar yer alıb.
Təqdimatda təbiətin dörd ünsürü – hava, su, torpaq və od canlandırılıb. Hər bir ünsürü təmsil edən xüsusi geyimlərdə rəqqaslar və idmançılar səhnəyə çıxaraq rəngarəng kompozisiyalar nümayiş etdiriblər. Hava insanın azadlığını və yüksəlişini, su həyat və yenilənməni, torpaq güc və bağlılığı, od isə enerji və qələbə əzmini simvolizə edib.
Mərasim daha sonra musiqili konsert proqramı ilə davam edib. Müğənnilərin ifaları və rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
"Bakı Gimnastika Məktəbini təmsil edirəm. Yarışlarda Bakı Olimpiya İdman Kompleksində iştirak edəcəyəm. Halqa, top və alətsiz hərəkətlər üzrə çıxış edəcəyəm. Bu günə qədər mənə dəstək olan məşqçilərimə təşəkkür edirəm".
Bunu Crossmedia.az-a açıqlamasında gimnast Mədinə Hüseynova deyib.

Qeyd edək ki, Olimpiadada ölkənin 59 rayon və şəhərindən 2000-dən çox məktəbli 12 idman növü üzrə qüvvəsini sınayacaq. İdmançılar ağır atletika, atletika, badminton, basketbol, boks, cüdo, gimnastika, sərbəst güləş, stolüstü tennis, veloidman və yunan-Roma güləşi daxil olmaqla müxtəlif növlərdə bir həftə ərzində çempionluq uğrunda mübarizə aparacaqlar.
Yarışda Bakı şəhəri ilə yanaşı, Abşeron, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Hacıqabul, Xocavənd, İsmayıllı, Kürdəmir, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naftalan və digər rayon-şəhərlərin komandaları iştirak edir.
Fatimə Məmmədova
16:35 20.06.2026
Oxunuş sayı: 78