Sabah Məhərrəm ayı başlayır
Sabah Azərbaycanda Məhərrəm ayı başlayır.
Crossmedia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən , iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində bildirilib ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
Müraciətdə, həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir.
Qeyd edək ki, Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edir.
16:23 15.06.2026
Oxunuş sayı: 73