“Türküstan” qəzetinin 20 illiyinə
Türk dünyasının informasiya məkanında özünəməxsus yeri olan “Türküstan” qəzetinin fəaliyyətə başlamasından 20 il ötür. 11 iyun 2006-cı ildən nəşrə başlayan qəzet bu illər ərzində təkcə xəbər mənbəyi deyil, həm də ideya platforması kimi formalaşıb. Türk ölkələri arasında inteqrasiyanın gücləndirilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycan mövzusu və Türk xalqlarının tarixi ilə bağlı araşdırmalar daim qəzetin əsas istiqamətlərindən olub.
“Türküstan” bu müddətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuz qazanaraq bir sıra mükafatlara layiq görülüb. 2012-ci ildə TÜRKSOY-un “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət” mükafatı (Ankara), 2017-ci ildə Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” mükafatı (Türküstan) bunun göstəricisidir. Qəzetin elektron versiyası olan Turkustan.az saytı da operativ və obyektiv informasiya yayımı ilə ictimai-siyasi proseslərin izlənilməsində aktiv rol oynayır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəstəklənən nəşrlər sırasında yer alan “Türküstan” qəzeti Türk dünyasının birliyinə xidmət edən media nümunələrindən biridir. 20 il sadəcə zaman deyil, bir ideyanın davamlılığının göstəricisidir.
“Türküstan” kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
15:00 11.06.2026
Oxunuş sayı: 57