Hikmət Hacıyevdən Ermənistana mühüm çağırış: Sülhün əsas şərtləri bunlardır
Hər bir münaqişənin görünən siyasi tərəfləri ilə yanaşı, illər keçsə də sağalmayan, səssiz və dərindən sızıldayan humanitar yaraları mövcuddur. Həqiqi və davamlı sülh yalnız kağız üzərində imzalanan bəyanatlarla deyil, həm də bu yaraların sarılması, onilliklərlə qaranlıqda qalan talelərin işıqlandırılması ilə mümkündür. İtkin düşmüş minlərlə insanın aqibəti sadəcə keçmişin ağrısı deyil, həm də gələcəkdə qurulacaq etimad mühitinin ən böyük sınağıdır. Bu mənada, rəsmi Bakının Ermənistan vətəndaş cəmiyyətinə ünvanladığı çağırış siyasi ritorikadan kənara çıxaraq, birbaşa vicdanlara və bəşəri dəyərlərə xitab edən bir yol xəritəsidir. Azərbaycanın siyasəti də daim qarşılıqlı əməkdaşlığa dayanmışdır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin anım günüdə onun məzarını ziyarət edərkən mətbuata açıqlama verib. O, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın əhəmiyyətini və bunun sülh prosesinə ciddi təsir edə biləcəyini bildirib.

Məsələ ilə bağlı DİN yanında İctimai Şuranın sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə edilən bu çağırış, əslində, təkcə siyasi mesaj deyil. Bu müraciəti cavab gözləyən minlərlə ailənin ağrısına yönəlmiş humanitar bir çağırış kimi qeyd etmək olar. Çünki söhbət artıq statistikadan getmir. Söhbət 30 ildən çoxdur "bəlkə sağdır, bəlkə qayıdar" ümidi ilə yaşayan insanlardan gedir. Müharibənin ən ağır tərəfi bəzən ölümün özü yox, xəbərsiz qalmaq olur. İnsan bilmir ki, yaxını əsir düşüb, itkin düşüb, yoxsa döyüşdə həlak olub. Bu intizar, bu fikirlər insanı daim qorxu içində saxlayır, onları yandırır, ağrıdır. Qəbir yeri bilinməyən insanın yoxluğu ailələrin həyatında heç vaxt bağlanmayan, qaysaqlanmayan bir yaraya çevrilir".
Əş Nuriyev qeyd edib ki, bizim hələ də taleyi bəlli olmayan minlərlə itkinimiz var: " 4000-dən artıq itkinimiz var. Onların arasında uşaqlar, qadınlar, qocalar var. İnsanlar 30 ildir onları gözləyirlər. Bəzi cəsəd qalıqları identifikasiya edilərək ailələrinə verilmişdir, amma hələ nə qədər kütləvi məzarlıq var... Bu məzarlıqlar haqqında məlumat Ermənistanın rəsmi tərəfindən verilmir. Halbuki oradakı bir çox səhra komandirləri həmin yerlərin harada olduğunu yaxşı bilirlər. Azərbaycan illərdir I Qarabağ müharibəsində itkin düşmüş minlərlə vətəndaşının taleyini aydınlaşdırmaq məsələsini qaldırır. Azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar isə göstərir ki, bu mövzu artıq yalnız siyasət və polemika predmeti deyil, həm də beynəlxalq hüquq məsələsidir. Çünki əgər kütləvi qətillər varsa, bu, humanitar hüququn pozulmasıdır və bunu edən şəxslər əlbəttə ki, məsuliyyətə cəlb olunmalıdırlar. Görünür, məlumatı verməməkdə əsas məqsəd prosesin hansı şəraitdə və necə həyata keçirilməsinin qapalı qalmasıdır. Burada diqqətçəkən əsas məqam çağırışın birbaşa Ermənistan vətəndaş cəmiyyətinə edilməsidir. Bu, təsadüfi deyil. Çünki bəzən müharibələrin gizli qalan həqiqətlərini dövlət arxivlərindən daha çox insanlar bilir: keçmiş döyüş iştirakçıları, hadisə şahidləri, bölgədə yaşamış şəxslər. Məhz buna görə dünyanın müxtəlif münaqişə bölgələrində - istər Balkanlarda, istər Bosniyada, istərsə də Latın Amerikasında olsun, itkin düşmüş şəxslərlə bağlı həqiqətlərin ortaya çıxmasında vətəndaş cəmiyyəti mühüm rol oynayır".
O, bu çağırışın birtərəfli olmadığını, ciddi siyasi mesaj xarakteri daşıdığını bildirib: "Bu çağırışın başqa bir tərəfi də var: Azərbaycan burada yalnız keçmişdən deyil, həm də gələcəkdən danışır. Çünki regionda davamlı sülh yalnız siyasi sənədlərlə qurulmur. Humanitar etimad olmadan real barışıq mümkün deyil. Tərəflər bunu özləri üçün dəqiq müəyyənləşdirməlidirlər. Etimadın qurulması, hər şeydən əvvəl, itkin düşənlərlə bağlı məlumatların və mina xəritələrinin verilməsində ifadə oluna bilər. Bunlar qapalı qaldıqca davamlı sülhə kölgə düşür.
Baxın, elə bu günlərdə iki əsgərimiz Kəlbəcərdə mina partlayışı nəticəsində xəsarət aldı. Hətta vəziyyətlərinin ağır olduğu deyilir. Mina xəritələri verilsəydi, bunlar olmazdı. Əgər regionda, həqiqətən, yeni mərhələ başlanacaqsa, ki, biz bunu istəyirik, itkin düşmüş şəxslərin taleyi, mina xəritələri və müharibə qurbanlarının aqibəti kimi məsələlər bu prosesin mənəvi təməlini təşkil etməlidir. Yalnız o zaman sülh, doğrudan da, qalıcı və uzunmüddətli olacaqdır. Bu mənada, Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi çağırış həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm mesajdır. Çünki real sülh böyük bəyanatlardan yox, bir ailənin onilliklərlə gözlədiyi cavabdan başlayır. Ümid etmək istərdim ki, Ermənistan vətəndaş cəmiyyəti bu çağırışa adekvat münasibət göstərəcək, sülhün davamlı və dayanıqlı olması üçün əllərindəki məlumatları qarşı tərəfə verəcəklər".
Turqut Ansari
21:22 13.05.2026
Oxunuş sayı: 94