Tərcüməçi və “Qanun” nəşriyyatı arasında gərginlik - tərcüməçinin haqqı niyə ödənmirdi?
Son günlər Şahbaz Xuduoğlunun sahibi olduğu “Qanun” nəşriyyatda olan qanunsuzluqlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Nəşriyyatla 8 il əməkdaşlıq etmış tərcüməçi Arzu Qazıyeva nəşriyyatla bağlı yaşadığı problemi öz Facebook hesabında izləyicilərlə bölüşüb.
Paylaşımın aldığı reaksiyadan, şərhlərdən bu nəticəyə gəlmək olur ki, bu hala nəşriyyatda birinci dəfə deyil ki, rast gəlinir. Arzu Qazıyeva nəşriyyatla haqqı olan pul üstündə problem yaşayıb, azmış kimi tərcüməçiyə hörmətsizlik də edilib.
Mövzu ilə bağlı Crossmedia.az nəştiyyatla 8 il tərcüməçi kimi əməkdaşlıq etmiş jurnalist Arzu Qazıyeva ilə əlaqə saxlayıb:
“2016-cı il idi. Şəxsi problemlərimlə bağlı evdə oturmalı oldum. Lakin həmişə işləyən adam kimi həm darıxırdım, həm də maliyyə durumumu da necəsə tənzimləməli idim. “Qanun” nəşriyyatı ilə əməkdaşlıq etməyimi də mərhum yoldaşım Dilavər Əzimli təklif etdi.

O vaxta qədər arada iş yerindən elmi məqalələr gətirirdi, onları tərcümə edirdim. Şahbaz Xuduoğluna məhz Dilavər müəllim müraciət etdi. Lakin həmin dövrdə nəşriyyatın işlərində böhran yarandığı üçün əməkdaşlığımız alınmamışdı.
Şahbaz bəy demişdi ki, vəziyyətləri düzələndə tərcümə məsələsinə qayıdarıq. Bu söhbətdən iki il keçdi. Mənim ev həyatım bitdi, ictimai birliyimin xəttilə layihələr etməyə başladım.
2018-ci ildə Şahbaz Xuduoğlu qəfildən mesencerə iki səhifəlik bir mətn göndərdi, qabiliyyətimi yoxlamaq üçün. Bu, mənim üçün gözlənilməz oldu. Mətn bir hind yazıçısının (təəssüf ki adını unutmuşam) “Gecəyarısı uşaqları” (“Дети полуночи”) əsərindən idi. Mən həmin mətni tərcümə etdim, üstəlik əsərin adı ilə bağlı da fikrimi bildirdim: bu ad hərfi tərcümədir, məncə ədəbi-bədii dildə “Zülmətdən doğulmuşlar” və ya “Gecəyarısı doğulanlar” ola bilər”.
A.Qazıyeva əlavə edib ki, 8 ildə “Qanun” nəşriyyatı üçün cəmi 4 kitab tərcümə edib:
“Birinci tərcümədən sonra ikincini göndərdilər, sonra üçüncünü, daha sonra dördüncünü. Onlar mənim işimi bəyənirdilər, mən də etiraz etmirdim. Hərçənd ki, işsiz deyildim, vaxtım çox olmurdu, amma tərcümə işini həvəslə görürdüm.
Odur ki, Şahbaz bəyin dediyi kimi, kimlərinsə təqdimatı yox, məsləhəti yox, zəmanəti yox, mənim həyat yoldaşım və özümün bacarığım və savadım bu əməkdaşlığa vəsilə olub. Nəşriyyatın isə əməkdaşlığa ehtiyacı vardı.
Özü yazmışdı ki, sizin təcrübənizdən yararlanmağın hər kəs üçün faydası olardı. Şahbaz bəy deyir mənə çox hörmət edib. Bəli, bu hörmət qarşılıqlı olub. Həmişə eşitmişəm ki, nəşriyyatın vəziyyəti ağırdır. 8 ildə bu ağırlığı aşacaq heç nə tələb etməmişəm.
Qonorarımı vaxtlı-vaxtında verdiyi üçün həmişə təşəkkürlü olmuşam, lakin bu növbəti tərcümənin ödənişinin kəsilməsinə və mənim susmağıma əsas verirmi? İndi deyir ki, ona hörmət etməmişəm, səbirsizlik göstərmişəm.
İki il qonorar gözləməyim də mənim ən böyük hörmətim, güzəştim və səbrim deyildimi? Şahbaz bəy deyib ki, yay mövsümündən sonra qalan qonorarlar da ödəniləcəkmiş. Mən də onun yanına gedəndə məhz bunu, qalmış məbləğin müddətinin uzadılmasnı, möhlət verilməsini və ya ödənişlərin məbləğinin azaldılmasını söylədim. Lakin o “yox, bu, mümkün deyil, biz tərcümənin qonorarını standart qiymətə hesabladıq”, deyib söhbəti bitirdi”.
Tərcüməçi qonorarlarını iki ilə güclə aldığını qeyd edib:
“Nəşriyyat sonuncu kitabı Bencamin Qrem “Ağıllı investor” (503 səhifə, 1040388 işarə, 97 sayda cədvəl) mənə göndərəndə qiymətlər 1 manat artırılmışdı, standart olaraq. Lakin mən bu dəfə qiymətin standartdan cəmi 1 manat artırılmasını xahiş etdim. Mənim xahişim nəzərə alındı. Mesencerdəki yazılı razılaşmanın və email ünvanıma göndərilən razılıq məktubunun şəkillərini rəy bölümünə əlavə edirəm ki, Şahbaz bəy oxuyub yaddaşını təzələsin.
Bu məlumatlar heç şübhəsiz ki, həm koordinatorda, həm mühasibdə, həm də nəşriyyatın rəhbərində olub. Heç bir idarədə nəinki maliyyə məsələləri, adi xadimə işi belə rəhbərliyin nəzarətindən kənarda mövcud deyil!
Əvvəlkilərdən fərqli olaraq sonuncu kitabı təhvil verəndən sonra müqavilə imzalanmasını dəfələrlə koordinatorun diqqətinə çatdırsam da “bu gün-sabah”a saxlayaraq keçən iki il müddətində imzalanmadı.
Əvvəlki statusumda qeyd etdiyim kimi, mən qonorarımı 2 il (!) müddətinə zorla alırdım. Sonra bir gün dözmədim, keçən Yeni il axşamı Şahbaz bəyə açıq iradımı bildirdim. Növbəti ödəniş edildi, lakin boynuma da kobud şəkildə böyük minnət qoyuldu: “mən qələt eləməmişəm ki, sənə tərcümə vermişəm”.
Bu, mədəniyyət və normal ünsiyyət mühitindən danışan bir naşirin cavabı idi. Qonorar kəsiləndə əvvəlcə koordinatora müraciət və tərcüməni götürərkən yazılı razılaşmamızın əslini təqdim edəndə koordinator özü də təəccübləndi.
Kəsilməni nəşriyyatın maliyyə çətinliyi ilə izah etsə də onu da əlavə etdi ki, “biz belə məsələləri tərcüməçi ilə razılaşdırırıq”.
Amma mənim nəinki razılığımın alınmasını məlumat verməyi belə artıq bilmişdilər. Nəşriyyatın sahibinə bu sualı verəndə özünü itirmədən üstündən keçdi”.
A.Qazıyeva son olaraq bildirdi ki, qonorar kəsiləndə əvvəlcə koordinatora müraciət və tərcüməni götürərkən tərcümənin məbləği barədə yazılı razılaşmamızın əslini təqdim edəndə o, niyəsə özü də təəccübləndi:
“Kəsilməni nəşriyyatın maliyyə çətinliyi ilə izah etsə də onu da əlavə etdi ki, “biz belə məsələləri tərcüməçi ilə razılaşdırırıq”.
Amma mənim nəinki razılığımın alınmasını, məlumat belə verilməsini artıq saymışdılar. Qonorar söhbətimizin sonunda etdiyiniz daha pis və alçaldıcı davranış masanızın üstündəki vazadan konfet götürərək, mənə uzatmağınız və ələ salaraq “çox dadlı konfetdir, dadına baxın” deməyiniz oldu.
Bunu əvvəlki statusumda yazmamışdım. İndi yazıram. Konfet sizə görə zəhmət haqqımdan kəsdiyinizin konpensasiyası olmalı idi. Sizin düşüncəniz budur!”
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

“Mən Arzu Qaziyevanın, açıqlamasıyla tanışam. Arzu Qaziyevaya əvvəl bəlli bir məbləğdə qonorar ödənilirdi. Onun şikayəti ondadır ki, son kitab yeddi manatla hesablanmalı idi, altı manatla hesablanıb. Bizim onunla bağlı hansısa razılaşmamız olmayıb. Mən yenə o məsələ ilə bağlı maraqlanacam, görüm həqiqətən də belə bir razılaşma olub, yoxsa yox. İndi bu tərcüməçilərin qonorardan şikayət etməsi təbii haldır. Hər kəs aldığı məbləğdən şikayət edir.
Eyni zamanda, heç bir yerdən bir gəlir də olmayanda müraciət edib tərcümə edirlər. İndi bu təşkilatla şəxs arasında olan məsələlər, məncə, ictimai müzakirələrə çıxarılmamalıdır”.
P.S. Arzu Qazıyevanın redaksiyamıza verdiyi məlumata görə məsələ ictimailəşdikdən sonra ona haqqı olan ödəniş edilib. Tərəflər razılaşıb. Crossmedia.az olaraq alqışlayır, tərəflərə uğurlar arzulayırıq.
Ayhan
14:33 05.05.2026
Oxunuş sayı: 81